Jurnalistlər üçün yeni - Təlim

1 May 2015 13:56 (UTC+04:00)

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən AzNews.az-a verilən məlumata görə, dəyirmi masa ətrafında toplaşanlar Azərbaycan multikulturalizmini anlamaq, dünya multikulturalizm təcrübəsində onun yerini müəyyən etməklə bağlı müzakirələr aparıblar. Müzakirələrə BBC World Action Xidmətinin Yaxın Şərq və Avropa üzrə regional direktoru Simon Derri də qatılıb.

Dəyirmi masanın təşkilatçısı BBC World Action Xidmətinin layihələr üzrə meneceri xanım Elli Havortz "Azərbaycandakı millətlər və dinlər arasındakı harmoniya tarixən hansı köklərdən qidalanır və bu gün onun inkişafı üçün əlverişli mühit yaradılıbmı?"mövzusunda məruzə ilə çıxış edib. 6 ildən çoxdur ki, Azərbaycanda Avropa Şurasının jurnalistika tədrisi ilə bağlı ən böyük layihələrindən birini işlədən xanım Havortz həmkarları ilə özünün Azərbaycan təcrübəsini bölüşüb. O, 2012-2013-cü illərdə Humanitar Forumun iştirakçısı kimi Qubaya və Naxçıvana səfərlərindən, şahidi olduğu mültikultural mühitdən danışıb.

Azərbaycan mediasında multikulturalizmin işıqlandırılması ilə bağlı sualı cavablandıran BBMM-in müşaviri Aynur Bəşirli bu mövzunun çox həssas bir mövzu olduğunu, jurnalistlərdən məsələyə bələdlik və yüksək peşəkarlıq tələb etdiyini vurğulayıb. Bildirib ki, mərkəz jurnalistlər üçün multikultural mövzularda necə yazmağı öyrədən təlimlər təşkil etməyi planlaşdırır. Bakı Slavyan Universitetin Jurnalistika fakültəsində seçmə fənn kimi "Multikultural jurnalistika" fənninin tədrisi nəzərdə tutulur. E. Havortz Avropa Şurasının layihəsi çərçivəsində də bu ideyanın dəstəkləndiyini, onun tezliklə gerçəkləşəcəyinə əmin olduğunu bildirib. A. Bəşirli bu yaxınlarda Bakı Slavyan Universitetində Azərbaycan Multikulturalizmi kafedrasının yaradılmasını diqqətə çatdıraraq, bu kafedranın Azərbaycan və dünya multikulturalizminin akademik müstəvidə öyrənilməsi və multikulturalizmin bir fənn kimi tədrisinin təşkilində olduqca lazımlı qurum olduğunu qeyd edib.