Türkmən qazı Bakıya gətirilir- Şevçoviç bütün kartları açdı

5 May 2015 20:32 (UTC+04:00)


Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç Röyters-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkmənistan öz ixrac imkanlarını diversifikasiya etmək istəyir: "Öz növbəsində, Avropa Birliyi üçün öz idxal imkanlarını diversifikasiya etmək əhəmiyyətlidir. Bizdə yaxşı qarşılıqlı anlaşma var. Avropa 2019-cu ildə türkmən qazını almağa ümid edir".

Avrokomissar ötən həftənin cümə axşamı Aşqabadda Türkmənistan prezidenti, cümə günü isə Türkiyə və Azərbaycan enerji nazirləri və türkmən baş nazirinin müavini ilə görüşündən danışıb.

"Biz bu formatda Transxəzər qaz kəmərinə aid olan bütün aspektləri müzakirə etdik. Biz strateji istiqamətdə çox böyük addım atdıq və hər şey müsbətə doğru gedir", - deyə o bildirib.

M. Şevçoviç indiyə qədər Azərbaycan və Türkmənistan arasında Xəzərlə bağlı olan problemlərin də aradan qalxacağına işarə vurub: "İndi siyasi qərar var ki, Türkmənistan Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olacaq və Avropanı təchiz edəcək. Tərəflər Transxəzər kəməri üzrə işçi qrupu yaratdı. Bura energetika nazirlərinin müavinləri və Xarici İşlər Nazirliklərinin ekspertləri daxil olacaq".

M. Şevçoviç bildirib ki, 2019 və 2020-ci illərdə Azərbaycandan Avropanın sərhədlərinə qədər olan qaz kəmərləri tikilib başa çatacaq: "Türkmənistan bu əməkdaşlığın mühüm hissəsi olacaq. Biz Türkmənistan, Türkiyə, Azərbaycan və Avropa Birliyi formatında işləməyə razılaşdıq. Gələcəkdə danışıqlara Gürcüstan da dəvət olunacaq. Çünki Cənub Qaz Dəhlizi nöqteyi-nəzərindən bu ölkə əhəmiyyətli tranzit ölkədir".

Vitse-prezident Transxəzər layihəsindən narahat olan Rusiya və İranın dənizin ekoloji çirklənməsi haqda əsaslarına da münasibət bildirib: "Avropa Birliyi Dünya Bankı ilə əməkdaşlıqda layihənin ekoloji ekspertizasını maliyyələşdirdi. Ekoloji nöqteyi-nəzərdən etibarlı texnologiyalar var".

Qeyd edək ki, ötən il Türkmənistan Türkiyənin təklifi ilə TANAP-a qoşulmaq üçün çərçivə razılaşmasını imzalayıb. Türkmən qazının Cənub Qaz Dəhlizi layihəsinə qoşulması və Azərbaycan qazı ilə birgə Avropa bazarına çıxışı bazarda inhisarçılıq aradan qalxa bilər. Lakin Rusiya buna qarşı çıxır və əsas kimi layihənin Xəzərdə ekoloji çirklənməyə səbəb olacağını göstərir. Avropa Birliyinin enerji məsələləri üzrə səlahiyyətli nümayəndəsinin əminliklə danışması isə Transxəzər layihəsinin gerçəkləşdirilməsi istiqamətində ciddi işlərin getdiyini deməyə əsas verir. Ekspertlərə görə, bunun baş verməsi Xəzərdə müharibəyə səbəb ola bilər. Lakin bunun əksini düşünənlər də var. Belə ki, indiki məqamda Rusiyanın susqun qalacağı və layihənin reallaşacağı ehtimalları da yüksəkdir.