Mikayıl Cabbarovdan tələbələrin təqaüdü ilə bağlı Yenilik

6 May 2015 16:52 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Xəzər Avropa Klubunun üzvləri ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, mövcud təhsil sisteminə uyğun olaraq, ali məktəbə qəbul üçün imtahanlar mərkəzləşdirilmiş şəkildə keçirilir: "İmtahanda yüksək bal toplayan və dövlət hesabına təhsil almaq hüququ əldə edən tələbələr təhsil aldıqları 4 il ərzində (bakalavriat səviyyəsində) qeyri-kafi qiymətlər almamaq şərtilə təqaüd almaq imkanı qazanırlar. Beləliklə, biz bir dəfə keçirdiyimiz bilik qiymətləndirməsi əsasında 4 il ərzində tələbəyə dövlət tərəfindən təqaüdün verilməsi barədə qərar veririk. Ancaq bu mexanizmdə müəyyən boşluqlar və təhsil prosesinə təsir edən məsələlər var. Təhsil prosesi də rəqabətli olmalıdır, çünki bu, daha yüksək nəticələrə gətirib çıxarır".

M.Cabbarov bildirib ki, yeni mexanizmə uyğun olaraq, tələbə üçün dövlət tərəfindən ödənilən təhsil haqqı ilə təqaüd fərqləndirilir: "Yeni mexanizmə əsasən, tələbə dövlət tərəfindən təhsil haqqının ödənilməsi hüququnu əldə etsə də, onun hər ay təqüd alıb-almamasını təhsil prosesi, tələbənin akademik nailiyyətləri göstərəcək".