Sözlər də bizim göz yaşımızdı

7 May 2015 11:44 (UTC+04:00)

"Dünyada nə qədər mobil telefon varsa, bir o qədər də tənha adam var"-Elbrus Ərudun "Anne Annem" kitabında ilk oxuduğum bu cümlə oldu. Müəllif, fikrini əsaslandırmağa çalışmışdı. Tənhalıqla bağlı deyilənləri xatırladım.Çexov yadıma düşdü nədənsə: "Özünü tənha hiss edən insan üçün hər yer çöl-biyabandır..."

Bir jurnalistin həyatını, yaradıcılığını tam əhatə edən kitabdı "Anne annem". Bütün mənzərələr tanışdı. Getdiyin gözəl bir şəhəri bir daha görmək və söhbətindən zövq aldığın insanı bir daha dinləmək keçər içindən... Elə kitablar var ki, gözəl bir şəhər, maraqlı həmsöhbət kimi olur. Qopa bilmirsən...

Jurnalistlərin, yazarların həyatı və peşə taleyi identikdi. Eyni çətinlikləri hamımız yaşayırıq. Müşahidə qabiliyyətimiz sözlərə çevrildikcə ürəyimiz boşalır. Sözlər də bizim göz yaşımızdı. Yazdıqca rahatlanır, yaşayırıq...

Elbrus Ərud zəhmətkeş, çalışqan jurnalistdi. Yaxşı dostdu. Ünsiyyətcildi. Etibarlıdı. Mizantrop adamlara belə dostca yanaşmağı, onların dərdini dinləməyi bacarır. Pozitiv ortam yaratmağın yönünü bilir.

Azərbaycan insanının dərdi də var, sevinci də bu kitabda. Toxunduğu siyasi, sosial, ictimai problemlər son dövrlər üçün aktualdı. Oxuduqca nə zaman yazıldığını düşünmürsən...

***

"25 yaşlı Seva"ların və "Süd anaları"nın taleyi fərqli olsa da, dövrümüzün qadın problemlərini yaxşı əhatə edib.

Digər dərdlərimiz kimi, qadınlarımızın mübtəla olduğu bəlalardan da yazıb müəllif.

***

Uilyam Qoldinq "Milçəklər kralı"nda yazır ki, sözlər heç də həmişə qəlbin ağrılarını ifadə eləyə bilmir.

Qəlbin ağrıları qarşısında sözlər aciz qalır, düzdü. Dostumuz, bu kitabında bəlkə də hələ ürəyindən keçənləri tam yaza bilməyib. Yaradıcılıq, onu yazanla sonadək addımlayır axı... İrəlidə nə qədər illər var. Təki sağlıq olsun.

***

"Kirayə evlər" yazısı bu fikirlə yekunlaşır: "Kirayə ev övladlığa götürdüyün uşaq kimidir, o, heç vaxt səninki deyil." Çox sevdim bu fikri.

"Anne annem"ə oxucuların doğma kitabı olmağı arzulayıram...

("Qafqazinfo")