“ Onların hamısı anti-Azərbaycan kampaniyasına qoşulub” - Foto

8 May 2015 15:42 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu barədə Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası "Anti-Azərbaycan qüvvələri: olduqları və göründükləri kimi" mövzusunda dəyirmi masada məlumat verilib.

Tədbirdə "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Qərb ölkələrində aparılan anti-Azərbaycan kampaniyası" mövzusunda çıxış edib. O, hücumlarla Avropa Oyunları ərəfəsində Azərbaycan dövlətinin diqqətini əsas hədəfdən yayındırmaq istədiklərini deyib: "Bu qüvvələr oyunların təşkili prosesinə zərbə vurmaq, ölkəmizin nüfuzunu aşağı salmaq istəyirlər. Başqa bir səbəb isə total hücumlar vasitəsilə Azərbaycan xalqının təkləndiyini sübut etmək, cəmiyyətimizdə gərginlik yaratmaq, qarşıdurma yaratmağa cəhd etmək, sinirləri gərmək, bununla da xalqımızın tarixi tolerantlıq ənənələri ilə bağlı ciddi şəkildə formalaşmaqda olan beynəlxalq ictimai rəyi yanlış istiqamətə yönəltmək istəyirlər".

E.Mirzəbəyli bu qarayaxma kampaniyasının arxasında dayanan qüvvələrin adlarını da açıqlayıb: "Ermənistan, erməni diasporu və işğalçı ölkəni himayə edən dairələr dayanıb bu işlərin arxasında. Bundan əlavə Azərbaycanda və dünyada geosiyasi maraqları olan, ölkəmizdən istədiklərini almaq üçün Azərbaycanın zəif düşməsində maraqlı olan güclər var ki, onlar da bu kampaniyanın bir hissəsinə çevriliblər. Və ən nəhayət Azərbaycanda korporativ maraqları olan şəxslər, yaxud siyasi və iqtisadi dairələr də anti-Azərbaycan kampaniyasına qoşulublar".