Bakının mərkəzi yollarından biri sabah açılır - FOTOLAR

8 May 2015 17:54 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi "Azəryolservis" ASC-yə istinadən yayıb.

Məlumata görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən Heydər Əliyev prospektində yan yolda, Hidrometereoloji proqnozlar bürosunun yerləşdiyi binanın yanından "Koroğlu" metrostansiyasına qədər olan hissədə həyata keçirilən kompleks tədbirlər artıq yekunlaşmaq üzrədir və yol tam olaraq sabahdan etibarən nəqliyyat vasitələrinin hərəkəti üçün açılacaq.

Artıq yolun Hidrometereoloji proqnozlar bürosunun yerləşdiyi binanın yanından Bağırov körpüsünə qədər olan hissəsində təmir işləri tam olaraq yekunlaşıb və bu hissə sürücülərin ixtiyarına verilib. Yan yolun təmir olunmuş hissəsində asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, səki daşları dəyişdirilib, səkilərə tamet daşları döşənib, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri və üst qapaqları dəyişdirilib. Yolda nişanlanma xətləri çəkilib və zəruri olan yerlərdə yol nişanları da quraşdırılıb.

Heydər Əliyev prospekti yan yolun Bağırov körpüsü ilə Koroğlu metrostansiyası arasında yerləşən hissəsində də anoloji işlər həyata keçirilib. Artıq sözügedən hissədə aparılan yeni asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri bitib. Yolda nişanlanma xətləri çəkiləcək və zəruri olan yerlərdə yol nişanları da quraşdırılacaq. Bununla da Heydər Əliyev prospektinin yan yolu tam yeni görkəmdə sürücülərin ixtiyarına veriləcək.

Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də aparılan yenidənqurma işləri sona çatmaqdadır. Artıq keçidin üzlüyü tam olaraq yenilənib, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilib.

Qeyd edək ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır. Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.