Leyla Əliyeva YARAT-ın Venesiyadakı sərgisində iştirak etdi- FOTOLAR

9 May 2015 14:02 (UTC+04:00)


Heydər Əliyev Fondundan AzNews.az-a bildirilib ki, sərgi ilə tanış olan Leyla Əliyevaya ekspozisiyadakı eksponatlar və layihənin ideyası barədə məlumat verilib.

"Odla suyun birliyi" layihəsinin ideyasını iki rəssamın – Almagül Menlibayeva və Rəşad Ələkbərovun nəzər-nöqtəsindəki Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən əlaqələndirilməsi təşkil edir.

Sərgidə Rəşad Ələkbərovun əsərləri və Almagül Menlibayevanın video-instalyasiyaları izləyicilərin böyük marağına səbəb olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Venesiya Biennalesində Azərbaycanın fəal və uğurla iştirakının əhəmiyyətli hal olduğunu qeyd edib. Onun sözlərinə görə, bu iştirak Azərbaycanın müasir incəsənət sahəsindəki rəssamlarının dünyaya tanıdılması, müxtəlif ölkələrdən olan rəssamlar arasında əlaqələrin genişləndirilməsi baxımından vacibdir.

"Odla suyun birliyi" layihəsi Bakı və Venesiya şəhərlərinin görüntülərini ekrana gətirən video-çarxla birlikdə heykəl və instalyasiyanın nümayiş etdirilməsi vasitəsilə iki şəhər arasında qarşılıqlı əlaqəni araşdırır. Sərginin nümayişi üçün Venesiyanın Palazzo Barbaronun seçilməsi də təsadüf deyil. Bu tarixi bina vaxtilə şəxsi mülk olub. Binanın sahibi venesiyalı tacir və diplomat İosafat Barbaro idi. İosafat Barbaro, 15-ci əsrdə öz səyahət təəssüratlarını paylaşaraq, Azərbaycanın şəhərləri barədə yazıb, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayını təsvir edib.

Ənənə, tarix, mədəniyyət və memarlıq mövzularını əhatə edən "Odla suyun birliyi" layihəsi mesenat Murtuza Muxtarovun sarayından – 1912-ci ildə Venesiya qotikası üslubunda Bakıda inşa edilmiş möhtəşəm memarlıq abidəsindən - "Səadət Sarayı" kimi tanınan binadan ilham alır. Bu binanı Murtuza Muxtarov çox sevdiyi həyat yoldaşı Liza Tuqanova üçün tikdirmişdi. Almagül Menlibayeva ilə Rəşad Ələkbərovun təqdim etdikləri layihə çərçivəsində Muxtarovun sarayı misalında birlik və münaqişə, eşq və zorakılıq, dialoq və təcavüz kimi geniş mövzular araşdırılır.

Rəşad Ələkbərov Venesiya ilə Bakının tarixini birləşdirərək, Şərqin ucalan səsini təqdim edir. Almagül Menlibayevanın video instalyasiyası bir-birinin ardı olan otaqlarda çoxsaylı kanallardan nümayiş etdirilir. Film, Muxtarovla onun həyat yoldaşı Lizanın hekayətini təqdim edərək, ziyarətçilərə Bakının hekayəsini danışır və daha geniş mənada irsiyyət, müasirlik, münaqişə və yaxınlıq kimi anlayışları araşdırır.

YARAT qeyri-kommersiya təşkilatının sifarişi ilə hazırlanmış və Suad Qarayevanın kuratorluğu ilə təşkil olunmuş bu ekspozisiya 56-cı Beynəlxalq Venesiya Biennalesi İncəsənət Sərgisində 9 may – 22 noyabr 2015-ci il tarixlərində ziyarətçilər üçün açıq olacaq.


AzNews.az