Bakı restoranları avropalılar üçün xüsusi menyu hazırlayıb... – Bakı -2015

13 May 2015 13:09 (UTC+04:00)
Bəs, şəhərimizin məşhur restoranları I Avropa Oyunları ərəfəsində turistlərə hansı yeməkləri təqdim edəcək?

"Şuşa" restoranının administratoru Sahil Cabbarov AzNews.az-a deyib ki, Bakıya gələn turistlərə Avropanın deyil, Azərbaycanın milli yeməkləri təqdim olunacaq: "Bizim restoran Azərbaycan restoranları arasında bir brenddir. Azərbaycanın bütün milli yeməkləri "Şuşa"da bişirilir. Təbii ki, I Avropa Oyunları ərəfəsində "Şuşa" restoranında da qonaqların sayı artacaq. Yenə də kabablara, salatlara və milli yeməklərə üstünlük verəcəyik. Turistlər Azərbaycanda Avropa yeməklərini dadmaq istəmir. Onlar ağızlarının dadını yaxşı bilirlər".

"Canaqqala" restoranının adminstratoru Anar Bağırov isə bildirib ki, sözügedən məkanda Türk, Avropa və Azərbaycanın milli yeməkləri hazırlanır: "Bu üç mətbəxin yeməkləri həmişə menyuda olur. Amma biz I Avropa Oyunları ərəfəsində Azərbaycanın milli yeməklərinə daha üstünlük verəcəyik. Bakıya gələn turistlər bizim milli yeməyimizin dadı haqda öz ölkələrinə qayıdanda çox danışacaq".

"Yeddi gözəl" restoranının baş administratoru Fərid Qələmov da vurğulayıb ki, I Avropa Oyunları ərəfəsində ancaq milli yeməklərə üstünlük veriləcək: "İnanıram ki, qonaqlar bizdən məmnun qalacaq".

Bahar RÜSTƏMLİ
AzNews.az