Kürdəxanıda eyni məktəbin 3 şagirdi asılmış tapılıb

14 May 2015 12:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda AzadlıqRadiosuna qəsəbə sakinləri məlumat veriblər. Onların sözlərinə görə, oğlan uşağı olan həmin şagirdlər məktəbdən kənarda, müxtəlif vaxtlarda olsa da məhz şənbə günləri asılıblar.

11-ci sinif şagirdi Ceyhun Əliyev ötən il dekabrın əvvəlində, 10-cu sinif şagirdi Əli Məmmədov fevralda, 6-cı sinif şagirdi Ruslan Fətəliyev isə bu ilin aprel ayınında asılmış vəziyyətdə tapılıblar.

Müəmma yaradan oxşarlıqlar...

Ölən şagirdlərin valdeynləri mətbuata açıqlama vermək istəməsələr də qəsəbə sakinləri baş verənləri müxtəlif səbəblərlə izah edirlər. Onlar ölmüş şagirdlərdən birinin radikal dini cərəyana meylli olduğunu bildirirlər.

Bəzi sakinlər isə hər 3 hadisəni yeniyetmə yaş dövrü ilə əlaqələndirirlər.
Ama müxtəlif vaxtlarda baş vermiş hadisələrin eyni səbələrdən baş verdiyini ehtimal edən sakinlər də az deyil. Şagirdlərin hər üçünün şənbə günü ölməsinə mistik don geyindirənlər də var.

Sakinlər onu da bildirdi ki, hər üç şagird fiziki baxımdan cüssəli olmaları ilə yaşıdlarından fərqlənirmiş. Şagirdlərdən biri qonşunun, digərləri isə öz həyətlərində asılmış vəziyyətdə tapılıblar. Hər 3 ölüm hadisəsindəki oxşarlıqlar (eyni məktəbdə oxuyan hər 3 şagirdin 15-16 yaşlarında və cüssəli olması, həftənin eyni günündə, eyni vəziyyətdə ölmələri ) qəsəbə sakinləri arasında bəzi müəmmalar da yaradır.

Davamı olmasın deyə...

AzadlıqRadiosu qəsəbə sakinlərindən alınan məlumatları dəqiqləşdirmək üçün 113 saylı məktəbin direktoru Şirin Abbasova ilə əlaqə saxlayıb. Direktor hər 3 şagirdinin öldüyünü təsdiqlədi. Lakin o, hər 3 hadisənin məktəbdən kənarda baş verdiyindən səbələr haqda məlumatsız olduğunu bildirdi:

"Məktəbdə oldu, ya məktəbdən kənar, baş verənlər bizim üçün də çox ağırdır. Onlar gələcəyin əsgərləri idi. Belə olmamalı idi. Nə üçün olub, aidiyyatı orqanlar araşdırıb tapılmalıdır.

Bəlkə ailədə nə isə problemləri olub. Amma məktəbdə onlar problemsiz uşaq olublar. Müəllimlərlə heç bir problemləri olmayıb. Onlar bütün müəllimlərlə gözəl münasibət saxlayıblar. Hamımıza maraqlıdır ki, bu nəyə görə olub. Davamı olmasın deyə, bu hadisələrin əsası tapılmalıdır. Hadisələr baş verən kimi dərhal ora getmişəm, valideynlərlə görüşüb söhbət etmişəm. İş orasındadır ki, valideynlər də səbəbini bilmir".

Hər üç ölüm hadisəsi axşam saatlarında baş verib

Məktəb direktorunun sözlərinə görə, hər 3 hadisə gecə vaxtlarında olub:

"Hadisələrdən biri dərsdən sonra baş verib. 11-ci sinif uşaqların ən mehriban vaxtıdır. Deyiblər, gülüblər sonra ayrılıblar. Ekspertizanın rəyi göstərir ki, hər 3 hadisə axşam saatlarında baş verib. Birinci hadisədə lap şoka düşmüşdük. Həmin şagirddən gözləmirdik.

Bu məsələnin əsası tapılmalıdır. Biz də bilmək istəyirik ki, uşaqların başına gələn nədir. Sonuncu ölən şagirdin sənədində doğum tarixi 2003-ci il göstərildiyindən 6-cı sinifdə oxuyurdu. Ancaq, anası deyirdi ki, əslində o 1999-cu ildə doğulub".

4-cü oxşar hadisə?

AzadlıqRadiosu Sabunçu rayon Prokurorluğu ilə də əlaqə saxlayıb. Şagirdlərdən Ruslan Fətəliyevin ölüm işini araşdıran müstəntiq Günay Məmmədova hadisə ilə bağlı istintaqın davam etdiyini, hələlik nəticənin olmadığını bildirdi.

O, digər iki ölüm hadisəsi ilə bağlı cinayət işindən xəbərsiz olduğunu bildirdi. Bundan öncə Sabunçu rayon Prokurorluğundan "Amerikanın Səsi"nə bildiriblər ki, hər üç şagirdin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (Özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb və istintaq davam edir.

Sakinlər onu da bildirdilər ki, həmin ərəfədə qəsəbədə yaşayan 15 yaşındakı bir qız da eyni vəziyyətdə, qonşu Məhəmmədi qəsəbəsində ölmüş tapılıb. Onların sözlərinə görə, həmin qız əvvəl 113 saylı məktəbdə oxuyub və bir müddət öncə başqa məktəbə keçib. Lakin, deyilən qızın ölməsi hələlik rəsmi təsdiqini tapmayıb.