Zukerberq 1 milyard insana pulsuz internet hədiyyə etdi

15 May 2015 10:58 (UTC+04:00)

AzNews.az İctnews-a istinadən xəbər verir ki, Malaviyada istifadəçilərin sayı nəzərə alınmaqla hazırda təşəbbüs sayəsində internetdən istifadə etmək imkanı əldə edənlərin sayı bir milyarda çatıb.

Bu barədə şirkətin baş direktoru Mark Zukerberq deyib.

İnternetdən pulsuz istifadə xüsusi əlavə vasitəsilə "Wikipedia" və "Facebook", eləcə də səhiyyə və işədüzəlmə ilə bağlı müxtəlif informasiya resurslarına təqdim edilir. Təşəbbüsün həyata keçirilməsi sosial şəbəkənin yerli "TNM" və "Airtel Malawi" operatorları ilə tərəfdaşlığı sayəsində mümkün olub.

M.Zukerberq layihə üzrə son statistikanı da açıqlayıb. Hazırda "Internet.org" Malaviya ilə yanaşı, daha 10 dövlətdə (Qvatemala, Kolumbiya, Qana, Zambiya, Tanzaniya, Keniya, Hindistan, Banqladeş, İndoneziya və Filippin) istifadəyə verilib. Təşəbbüs sayəsində ilk dəfə internetdən istifadə edənlərin sayı doqquz milyondan çox qiymətləndirilir, pulsuz olan xidmətlərin sayı isə yüzü ötüb.

Bundan başqa, sosial şəbəkə təsisçisi gələcəkdə interneti havadan ötürəcək "Aquila" pilotsuz uçan aparatının layihə təsvirini və bir neçə texniki xüsusiyyətini nümayiş etdirib. Aparatın 40-80 kvadrat kilometr ərazini şəbəkə ilə əhatə edəcəyi nəzərdə tutulur. Onun qanadlarının eni 42 metr, uçuş hündürlüyü 18-27 km təşkil edəcək.

Məlumat üçün bildirək ki, "Internet.org" adlanan layihədə "Samsung Electronics", "Qualcomm", "Ericsson", "Nokia", "MediaTek" və "Opera Software" sirkətləri də iştirak edir və beləliklə, təşəbbüsü bazarın müxtəlif seqmentinin şirkətləri dəstəkləyir.

"İnkişaf etməkdə olan ölkələrdə insanların internetə və biliklər iqtisadiyyatına qoşulması üçün çoxlu əngəllər var. "Interget.org" bu maneələrin dəf edilməsinə yönələn qlobal tərəfdaşlıqdır. Biz çalışacağıq ki, hazırda internetdən yararlanmaq imkanından məhrum olan insanları çıxışla təmin edək", - deyə M.Zukerberq bildirib.