Sumqayıt və kəndlərdən 20 Yanvara avtobus işləməyəcək

16 May 2015 19:21 (UTC+04:00)


Bu istiqamətdə hərəkət edən avtobusların sonuncu dayanacağı Avtovağzal ərazisi olub.

AzNews.az xəbər verir ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov gün.az-a bildirib ki, bu addım I Avropa Oyunları ilə əlaqədardır.

Onun sözlərinə görə, 20 Yanvar ərazisində daha böyük sıxlıq yaranmaması üçün bu istiqamətdəki avtobusların yolu qısaldılıb.

N.Həsənov iyunun 1-dən daha sərt tədbirlərin görüləcəyini qeyd edib: "Taksilər və avtobuslar 20 Yanvar ərazisində böyük problem yaradırlar. Nəzərə alsaq ki, Oyunlar vaxtı bilet alanları oyunlar keçirilən əraziyə daşımaq üçün ekspres avtobusları da əlavə olunacaq o zaman sıxlıq daha da çox olar. Ona görə də tədbirlər həyata keçiririk. Sumqayıt və kəndlərdən gələn avtobuslar üçün bir neçə yer ayrılacaq. Bu istiqamətdə hərəkət edən avtobuslar bu yerlərdə dayanacaqlar, sərnişinlər oradan da şəhərə başqa marşrutla gələcəklər. Ona görə də vətəndaşlardan da xahiş edirik ki, bunu anlayışla qarşılasınlar. Yəqin iyul ayından etibarən bu problemlər olmayacaq".

O, dəyişdirilən marşrut xətlərinin aqibətinə də aydınlıq gətirərək bildirib ki, oyunlardan sonra zərurət olan marşrut xətləri bərpa olunacaq.