Ukrayna ərazisində Rusiyanın 2 hərbçisi tutuldu

18 May 2015 10:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Rusiya hərbçiləri hələ bu məlumatı şərh etməyib, özünü müstəqil elan edən "Luqansk Xalq Respublikası" (LXR) nümayəndələri isə əsir düşənlərin LXR milisində xidmət etdiklərini bəyan edib.

Ukrayna prezident administrasiyasının nümayəndəsi Andrey Lısenko Kiyevdə brifinq zamanı bəyan edib ki, şənbə günü Donbas münaqişə bölgəsində Ukrayna hərbçiləri tərəfindən Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Kəşfiyyat İdarəsinin (QRU) iki hərbçisi tutulub:
"İki Rusiya hərbçisi saxlanıb, bizim operativ əməkdaşlarımız onlarla işləyir".

İki Rusiya QRU əməkdaşının ələ keçirildiyi haqqında daha əvvəl "Aydar" könüllü Ukrayna batalyonu nümayəndələri məlumat yaymışdı.

Ukrayna televiziyasına müsahibəsində "Aydar"ın tibb xidməti baş leytenantı Qriqori Maksimets Rusiya hərbçilərinin Ukrayna qüvvələrinin nəzarəti altında olan ərazidə - Luqansk vilayəti Sçastye şəhəri yaxınlığında - yaralanıb əsir alındığını söyləyib. Maksimetsin sözlərinə görə, dindirmə zamanı əsirlər "Aydar"ın döyüşçüləri Sçastyedən geri çəkilməsinə dair məlumatı yoxlamaq istədiklərini bildiriblər.

"Aydar" dəstəsinin həkimi əsirlərin adlarını da açıqlayıb: Aleksandr Aleksandrov və Yevgeni Yerofeyev.

Ukrayna KİV-ləri əsirlərdən birinin dindirilməsini əks etdirən video yayıblar. Xəstəxana çarpayısında uzanan gənc oğlan özünü serjant Aleksandr Aleksandrov kimi təqdim edir və Tolyattidə QRU 3-cü xüsusi təyinatlı briqadada müqavilə əsasında xidmət keçdiyini danışır və komandiri Yevgeni Yerofeyev olduğunu bildirir.

Onun sözlərinə görə, onlar 14 nəfərdən ibarət dəstənin tərkibində kəşfiyyat missiyası zamanı Ukrayna hərbçiləri tərəfindən aşkar edilib və geri çəkilərkən yaralanıblar.

"Luqansk Xalq Respublikası"nın milis komandanının müavini Sergey Kozlov Luqansk informasiya mərkəzinə Aleksandrov və Yerofeyevin LXR milisində qulluq etdiyini və mayın 16-da Ukrayna hərbçilərinin milis postuna hücumu zamanı əsir alındıqlarını bildirib.