Faciənin artmasına daha bir səbəb: lift işləməyib – İH təsdiqləyir

21 May 2015 13:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə binanın 33-cü mənzilində yaşayan və hadisə şahidi olan Orxan Kərimov məlumat verib. Onun sözlərinə, liftin işləməməsi səbəbindən insanlar binanı gec tərk edib və bu da ölən və yaralananların sayının artmasına yol açıb.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova AzNews.az-a açıqlamasında həmin vaxt liftin işləməməsini təbii hal adlandırıb: "Lift işıqla işləyir. Həmin anda işıqların kəsilməsi ilə bağlı tapşırıq verilmiş ola bilərdi ki, yanğının həcmi genişlənməsin. Ona görə də hadisə vaxtı liftdə texniki nasazlıq yarana bilərdi".

N.Allahyarova liftin aylarla işləməməsi ilə bağlı iddiaları əsassız adlandırıb: "Liftlərlə bağlı hər gün 16-46-ya məlumatlar daxil olur. O məlumatlara əsasən biz bilirik ki, hansı binanın lifti xarab olub, hansında problem yaranıb. Lift işləmirsə, sakinlərin müraciət xidmətində o məlumat olmalıdır. Amma belə bir məlumat bizə daxil olmayıb".

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən yaşayış binalarından birində güclü yanğın hadisəsi baş verib. Nəticədə 15 nəfər dünyasını dəyişib.

Nigar