Yanğınla əlaqədar dörd nəfər həbs edildi

21 May 2015 18:55 (UTC+04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə hadisənin çoxlu sayda zərərçəkmişləri və 200-dən artıq şahidləri dindirilmiş, yanğının baş vermə səbəbləri, yanğın nəticəsində vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə-yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib, eyni zamanda, müvafiq prosessual hərəkətlər yerinə yetirilir.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yanğının baş vermə səbəblərinin, eləcə də hadisənin baş verməsində təqsirkar şəxslərin tam dairəsinin müəyyənləşdirilməklə onların cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək