Yanğına görə həbs edilənlər kimlərdir?- DOSYE (FOTOLAR)

21 May 2015 21:47 (UTC+04:00)


Məlumatda bildirilib ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov həbs edilib.

Onlar Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Böyük faiəyə görə həbs edilənlər kimlərdir?

AzVision.az bu sual ətrafında kiçik araşdırma aparıb.

İnternet üzərində apardığımız araşdırma zamanı həbs edilənlərlə bağlı məhdud məlumatlara rəst gələ bildik.

İlk əvvəl "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov və "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərovun kimliyini müəyyən etməyə çalışdıq. Məlum oldu ki, böyük faciədə əsas təqsirkar hesab edilən "Qlobal Stone" və "Global Construction" şirkətlərinin hadisə baş verən gündən etibarən rəsmi internet səhifələri bağlanılıb.

Adı çəkilən şirkətlərin həbs edilən əməkdaşları ilə bağlı məlumatlar demək olar ki, internet səhifələrindən silinib. Onların gördükləri işlər, şirkətin rəhbər şəxsləri ilə bağlı informasiyalar sanki internet məkanından qeybə çəkilib.

Dəhşətli yanğına görə, ittiham edilən "Global Construction"un rəhbəri Miryusif Mahmudov də həbs edilib. O, hadisə baş verən gün saxlanılıb.

Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin bundan öncə yaydıqları rəsmi açıqlamasında bildirilib ki, hadisə ilə əlaqədar ilkin araşdırma zamanı qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparan "Global Construction" şirkətinin rəhbəri Miryusif Mahmudovun iş üzrə şübhəli şəxs qismində tutulduğu bildirilib.

Miryusif Mahmudov kimdir?



Həbs olunan "GLOBAL" Şirkətlər qrupunun rəhbəri Miryusif Mahmudov əslən Gəncəlidir.

Miryusif Mahmudovun rəhbərlik etdiyi "Global Stone" şirkəti 2012-ci ildə nüfuzlu CE sertifikatına layiq görülüb. Qafqaz regionunda poliuretan fasad örtüyünün yeganə istehsalçısı olan "Global Stone" MMC Azərbaycanda bu sertifikatı alan ilk özəl şirkət olub.

"Global Stone" şirkəti də "Global Construction" tikinti şirktətini nəzdində yaradılıb. "Global Construction" tikinti şirkətinin bazasında yaradılmış "Global Stone" istehsal şirkəti binaların fasadlarının poliuretan üzlük materiallarla üzlənməsi üzrə xidmətlər göstərir.

Bu şirkət Bakı şəhərində onlarla binanı poliuretan üzlük materialları ilə üzləyib.

Məlumat üçün qeyd edək ki, Global Construction" 2001-ci ildə Panamada qeydiyyatdan keçmiş "Oceanstream İNC" adlı offşor şirkət tərəfindən təsis olunub. Həmin təsisçi şirkətin sahibi azərbaycanlı iş adamı Xaqani Bəşirovdur.

Yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının üzvü, baş prokuror Zakir Qaralov hadisə ilə bağlı ötən gün verdiyi açıqlamada bildirib ki, "Global Construction" şirkətinə uyğunluq sertifikatını Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib:

- "Global Construction" şirkətinin rəhbəri Miryusif Mahmudov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, Miryusif Mahmudov 2010-cu ildən bu işlə məşğul olmağa başlayıb və ona ilk uyğunluq sertifikatı da elə həmin il verilib".

Z. Qaralov həmçinin qeyd edib ki, əvvəllər də adıçəkilən şirkətin gördüyü işlər üzrə əlavə iki hadisə olub: "Birinci hadisə 2012-ci ilin dekabr ayında Sumqayıt şəhərində baş verib. Həmin hadisə zamanı tələfat olmayıb. İkinci yanğın hadisəsi isə 27 fevral 2015-ci ildə Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb".

Baş prokurorun sözlərinə görə, şirkətin rəhbəri ifadəsində həmin materialları Türkiyədən aldığını bildirib: `Tərəfimizdən şirkətdə axtarış həyata keçirilib və bütün sənədlər götürülüb. Həmin kimyəvi materialların tərkibini araşdırmaq üçün Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutundan və Elmlər Akademiyasının Kimya İnstitutundan da mütəxəssislər cəlb edilib`.

15 nəfərin öldüyü yanğına görə həbs edilən digər vəzifəli şəxs Rəcəbov Ədalət Şəmsəddin oğludur.



Ədalət Rəcəbovun bu gün mətbuatda həbs xəbəri yayılsa da icra hakimiyyəti bunu təkzib etdi. İcra hakimiyyətinin səlahiyyətli şəxsləri mətbuata verdikləri açıqlamada bildirmişdi ki, Ə.Rəcəbov həbs edilməyib, prokurorluq orqanları tərəfindən ifadəsi alınaraq sərbəst buraxılıb.

Ə.Rəcəbov 17 noyabr 1964-cü ildə anadan olub. O, 1989-cu ildə Leninqrad Maliyyə və İqtisad Universitetini bitirib.

Ə.Rəcəbov bu günə kimi Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Aşağıdakı fotosu əks olunan şəxs isə yanğına görə həbs edilən Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucovdur.

Onun kimliyi, bundan öncə hansı işlərdə çalışması haqda informasiya qeyd edilməsə də, Nizami Orucovun gördüyü işlər, keçirdiyi tədbirlərlə bağlı Binəqədi qəzetinin internet saytında bəzi məlumatar yer alıb.



Xatırladaq ki, 15 nəfərin öldüyü yanğına görə, ümumilkdə 5 nəfər həbs edilib. Bu həbslərin davam edəcəyi istisna deyil.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün verdiyi açıqlamada həbslər dalğasının davam edəcəyini diqqətə çatdırıb. Abutalıbov bildirib ki, bu xəmir hələ çox su aparacaq.