Yanğına görə daha 4 nəfər həbs edildi - Başçının I müavini də qandallandı

22 May 2015 18:46 (UTC+04:00)

Baş Prokurorluğun, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin AzNews.az-a daxil olan birgə məlumatında bildirilir ki, cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə "TNH" şirkətinin fəaliyyətinə, istehsal etdiyi "poliuretan" məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə, həmçinin mayın 19-da Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla əlaqədar binanın "poliuretan" materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisənin baş verməsində təqsiri olan şəxslərin tam dairəsinin müəyyənləşdirilməklə onların cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.