“Bakı-2015” məşəli Mingəçevirdə- FOTOLAR

22 May 2015 22:26 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, əllərində Azərbaycanın üçrəngli bayrağı və gül dəstələrini tutan minlərlə şəhər sakini küçələrə çıxaraq birinci Avropa Oyunlarının məşəlini Mingəçevirə gətirən estafet iştirakçılarını qarşıladı.

"Kür" Elektron Avadanlıqları Zavodunun qarşısında quraşdırılan "Bakı-2015" Avropa Oyunlarının rəmzi qapısında məşəli sambo üzrə dünya çempionatının bürünc medalçısı Ayaz Umudəliyev qəbul etdi. Sonra yürüşə start verildi. Beynəlxalq yarışlarda böyük uğurlar qazanan idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev prospekti, N.Nərimanov, S.Vurğun küçələrindən keçməklə Heydər Əliyev meydanına gəldilər.

Avarçəkmə üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, idman ustası Xəqani Mikayılov səhnəyə qalxaraq məşəli alovlandırdı. Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.

Qarşılanma mərasimində çıxış edənlər vurğuladılar ki, respublikamızın hər yerində olduğu kimi, Mingəçevir şəhərində də idmana xüsusi diqqət və qayğı göstərilir. İlk Avropa Oyunları Bakı ilə yanaşı, Mingəçevir şəhərində də keçiriləcək. Mingəçevirdə bu yarışların təşkili üçün müasir infrastruktur yaradılıb. Təməli 1964-cü ildə qoyulan və Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan "Kür" Olimpiya Tədris Mərkəzi ölkəmizdə su idmanının inkişafında xüsusi əhəmiyyətə malikdir. Bu şəhərdə yarışlar 3 gün keçiriləcək və 350 nəfər idmançı medallar uğrunda mübarizə aparacaq. Ümumilikdə, 12 baydarka (kişilər və qadınlar arasında) və üç kanoe sprinti yarışları (yalnız kişilər arasında) təşkil olunacaq. Son bir ildə şəhərdə görülən hazırlıq işləri əminliklə deməyə əsas verir ki, Mingəçevir iyun ayında keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək.

Ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlarından biri də bu mötəbər idman tədbirinə ev sahibliyi etməsidir. Bu sözləri AZƏRTAC-a müsahibəsində avarçəkmə üzrə ikiqat Azərbaycan çempionu Xəqani Mikayılov deyib. O qeyd edib ki, Azərbaycanda düzgün idman siyasətinin reallaşdırılması nəticəsində ilk Avropa Oyunları məhz ölkəmizdə keçirilir. Bu cür möhtəşəm tədbirlərə ev sahibliyi etmək heç də hər ölkəyə nəsib olmur. Azərbaycan Avropanın tarixinə ilk Oyunlara ev sahibliyi edən ölkə kimi düşəcək ki, bu da respublikamızın idman sahəsində qazandığı nailiyyətlərlə, yaradılan infrastrukturla, iqtisadi inkişafla bağlıdır. Əminəm ki, idmançılarımız bu yarışlarda da qələbə qazanacaqlar".

Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərildi.

Məşəlin qarşılanma mərasimindən sonra Alov festivalı keçirildi, atəşfəşanlıq oldu.