Azərbaycan gömrükçüləri əməliyyat keçirdi

1 İyul 2015 15:36 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən (DGK) AzNews.az-a verilən məlumata görə, Gürcüstan istiqamətindən Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan Azərbaycan vətəndaşı Musa Mustafa oğlu Mustafayevin idarə etdiyi "VAZ 21013" markalı, "08-BA-582" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin salonunun müxtəlif hissələrində və yük yerində gömrük nəzarətindən gizlədilən "Canon" markalı 3 ədəd fotoaparat, "Canon" və "Nikon" fotoaparatlarına aid 2 ədəd linza, 3 adda, ümumilikdə 11 ədəd mobil telefon, 1 ədəd planşet və 3 ədəd "Apple watch" markalı rəqəmsal qol saatı aşkar olunaraq götürülüb. Gömrük nəzarətindən gizlədilən malların həmin nəqliyyat vasitəsində sərnişin kimi gələn Gürcüstan vətəndaşı Tural Almaz oğlu Mamedova məxsus olduğu müəyyənləşdirilib.

Balakən Gömrük İdarəsinin "Маzımçay" gömrük postunda isə Azərbaycan vətəndaşı Akif Kamil oğlu Bodurovun idarə etdiyi "Mercedes-Benz E-220 CDI" markalı, "90-FG-236" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilib.

Yoxlama zamanı avtomobilin arxa oturacağının altından gömrük nəzarətindən gizlədilən 5 ədəd "Nokia" markalı mobil telefon aşkar edilib.