Hər 3 qadından biri zorakılığa məruz qalıb

1 İyul 2015 15:48 (UTC+04:00)

Layihənin koordinatoru Könül Ağayeva bildirib ki, cəmiyyətin əsas qurucu qüvvəsi elə məhz qadınlardı: "Lakin çox təəssüf ki, cəmiyyətdə bir çox insanlar demək olar ki, əksəriyyət qadınların bu gücünü heçə sayaraq onlara qarşı müxtəlif zərərlər törədirlər. Çox acınacaqlı bir haldır ki, belə zorakılıqların sayı getdikcə artmaqdadır. Qadınların hüquqlarının tapdalanması, onların şəxsiyyətinin alçaldılması, cəmiyyətdə hökm sürən avamlıq, insanlara laqeyd yanaşma pis nəticələrə gətirib çıxarır.

Rəsmi statistikaya nəzər saldıqda görürük ki, dünyada hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb, hər 3 dəqiqədə, ən azı, bir qadın öldürülür. Eyni zamanda, hər il dünyada 3-4 milyon qadın öz həyat yoldaşları tərəfindən döyülür. Ailə zorakılığının 95 faizinin qurbanı da qadınlar olur. Ölkəmizlə əlaqədar araşdırmalara nəzər yetirdikdə görürük ki, əvvəlki illərə nisbətən zorakılığa məruz qalan qadınların sayı durmadan artır, müxtəlif dərəcəli bədən xəsarətləri alırlar".


K.Ağayevaya görə, bu gün təhsildən yayınan və öldürülən qızlar var: "Belə münasibətin kökündə mentalitet amilinin də təsiri dayanır. Bunlar qadına qarşı zorakılığın əsas göstəricisidir: "Bir çox ailələrdə qadınlar zorakılıq qarşısında qalanda çıxılmaz vəziyyətə düşürlər. Çünki onların iqtisadi vəziyyəti çox ağırdır. Bütün bunları nəzərə alaraq gənclərə, gənc ailələrə, digər ailə qruplarına və gənc qadınlara məişət zorakılığı nədir və onun törətdiyi fəsadlar hansılardır, onunla necə mübarizə aparmaq olar kimi müxtəlif üsullarla geniş maarifləndirmə kampaniyası aparılacaq. Layihə dövründə "Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunun"dan irəli gələn məsələlər gənclərin diqqətinə çatdırılacaq. Həmçinin kampaniya çərçivəsində Gənclərə təlim keçiriləcək, 28 MALL ticarət mərkəzində böyük bir aksiya təşkil olunacaq və video roliklər hazırlanacaq".