Nazirliyin 50 nəfərlik heyəti Xızıya getdi- Meşə yanır

28 İyul 2015 16:35 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzNews.az-a daxil olan xəbərə görə, naməlum səbəblərdən baş verən yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısının alınması üçün nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.


Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AzNews.az-a açıqlamasında bildirib ki, yanğın küləkli hava şəraiti ilə əlaqədar daha geniş ərazini əhatə edərək qismən meşə fondu torpaqlarına keçib və kol-kos yanğına məruz qalıb: "Yanğının daha geniş əraziyə keçməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları ciddi tədbirlər görür. Hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, Nazirliyin 50 nəfərlik heyəti də Xızı rayonuna yola düşüb".

Hazırda meşə fondu ilə sərhəd olan yaylaqda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ işlər davam etdirilir.

Nigar