“O verilişlər bağlanmalıydı, amma...” – Qulu Məhərrəmli

1 Oktyabr 2015 15:02 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında tanınmış jurnalist, ekspert Qulu Məhərrəmli MTRŞ-nın bir sıra verilişlərin bağlanması ilə bağlı verdiyi qərara münasibətində deyib.

Onun sözlərinə görə, həmin verilişlərin bağlanması doğru addımdır: "Sözü gedən verilişlərin dayandırılması ilə bağlı qərarı doğru addım hesab edirəm. Telekanallarda bu səpkidən olan verilişlərdə bayağı-şouların yaradılması ilə bağlı cəmiyyətdə bir narazılıq var. Bu baxımdan Milli Televiziya və Radio Şurasının müdaxilə eləməsi, müəyyən qərarlar verməsi müsbət tendensiyadır. Amma burada incəliklər və həssas məqam ondan ibarətdir ki, şura indi başlayan televiziya mövsümündə bir kanalın bir neçə verilişini qəfildən dayandırır. Hesab edirəm ki, ilk öncə xəbərdarlıq etməli, möhlət verilməli idi. Televiziya öz yayım siyasətində müəyyən karrektələrə getməli və bundan sonra qərar verməli idi. Odur ki, hesab edirəm ki, MTRŞ-nın bu qərarı bir az sərt yanaşmadır".

Q.Məhərrəmlinin sözlərinə görə, belə verilişlərin dayandırılması ilə bağlı MTRŞ-nın əsasları məntiqəuyğundur: "Orada əsaslandırmalar var ki, bu proqramlar ictimai əxlaqa müəyyən dərəcədə zərər vurur, televiziya fərdi münaqişələrin alətinə çevrilir. Şəxsi məsələlər ekrana çıxardılır. Bunların hamısı doğrudur. MTRŞ-nın bu qərarını dəstəkləyənlər çoxdur. Biz bu tip verilişləri dəfələrlə tənqid etmişik. Belə verilişlərin xüsusi çəkisinin artması bizim televiziya məkanına nəzarəti xeyli daraldır. Yəni, rəngləri solğunlaşdırır. Tamaşaçı üçün gərəkli verilişlərin hazırlanmasına ehtiyac var. Amma biz elə qərarlar qəbul eləməliyik ki, onlar müstəqil televiziyaların yayım siyasətinə ziyan vurmasın. MTRŞ da bunu nəzərə almalıdır".

Bahar RÜSTƏMLİ
AzNews.az