“Məhkəmədən qorxmuruq” – MTRŞ sədri ANS-lə davadan danışdı

2 Oktyabr 2015 11:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli telekanallardakı ən reytinqli verilişlərin bağlanmasına münasibət bildirərkən deyib. O, jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan teleməkanında verilişlərin çox aşağı səviyyədə olması hər zaman ictimaiyyəti narahat edib: "Bu il senyabrın 16- da MTRŞ-nın əsasnaməsində dəyişiklik edildi. Həmin dəyişikliyə əsasən televiziya kanallarındakı verilişlərin və ümumiyyətlə televiziya kanallarının lisenziyasının geri alınması üçün MTRŞ-yə səlahiyyət verildi. Ona görə də bu məsələyə ciddi şəkildə başladıq. Hesab edirəm ki, biz doğru yoldayıq. Televiziya məkanındakı bu sünilik bayağılıq, saxta ssenarilər ailədaxili münaqişələrin həddən artıq şişirdilməsi, insanların heysiyatına toxunulması, milli mənəvi dəyərlərlə bağlı məsələlərin çox aşağı səviyyədə olması ilə bağlı verilişlər aradan qaldırılmalıdır".

Şura sədri heç biri kanala güzəşt olunmayacağını deyib: "Bu məsələdə biz israrlıyıq və hər hansı televiziya kanalına olan güzəşt limiti bitib və mövqeyimiz qətidir. Reytinq məsələsi çox ciddi məsələdir. Təəssüf ki, bu məsələdə hələ çıxış yolu tapa bilməmişik. Amma bunun üzərində işləyirik. Reytinq müəyyən edən təşkilatlarla bağlı iş çox şübhə doğurur. Hansı insanların evində reytinq müəyyən edən qurğunun olması çox şübhə doğurur. Bu məsələ üzərində düşünürük. Rəqəmsal yayıma tam keçidlə bağlı analoq yayım tam dayanandan sonra bu məsələnin həlli ilə bağlı bu və ya digər tədbirlər görəcəyik".

Televiziyaların verilişlərin bağlanmasına görə şuranı məhkəməyə verməsi məsələsinə gəlincə, Nuşirəvan Məhərrəmli məhkəmədən qorxmadıqlarını qeyd edib: "Biz açığıq və qərarlar verərkən onu düşünüb hüuquqa uyğun veririk. MTRŞ öz işini Teleradio haqqında olan qanuna əsasən qurur. Ona görə də istənilən şəxs bu və ya digər məsələ ilə bağlı bizi məhkəməyə verə bilər. İnsanlar teleradio haqqında qanunu çox səthi bilirlər. MTRŞ Azərbaycan ərazisində televiziya və radio yayımı sahəsində dövlət siyasətini həyata keçirən orqandır. Azərbaycan efirində baş verən bütün məsələlərlə bağlı qərar verən və o işi tənzimləyən bir qurumdur".

Sevinc Yasinqızı