Rəşad Məcidin şeirləri İtaliyanın nüfuzlu jurnalında - FOTO

5 Oktyabr 2015 17:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Bolonya Universitetinə məxsus olan "Hind-Aralıqdənizi Elmləri" jurnalı səhifələrində Aralıq dənizininin sahillərindən Hind okeanın sahillərinə qədər olan ərazilərdə yaşayan millətlərin ədəbi, bədii və antropoloji mədəniyyətlərinə həsr edilmiş elmi yazılara yer verir.

Adıçəkilən elm sahəsində İtaliyanın ən görkəmli alimlərindən olan jurnalın baş redaktoru professor Karlo Sakkone jurnaldakı qeydlərində Rəşad Məcidin şeirləri haqqında həvəslə danışıb və onları yüksək qiymətləndirməklə oxucuları şairin yaradıcılığı ilə tanış olmağa dəvət edib. Jurnalda "Kimsən?", "Gedib daşa dəyən SMS-lərim", "Darıxanda", "O", "Bir də gəlməyəcək", "Əgər", "Düşüncə" və s. şeirlər Azərbaycan və italyan dillərində çap edilib.

Qeyd edək ki, "O" kitabı və müəllifin şeirlərinə italyan dilində bəstələnmiş musiqilərdən ibarət disk bu ilin may ayında İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Assosiasiyasının (AMA) və Milanın şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə ərsəyə gətirilib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Milan şəhərində təşkil olunmuş təqdimat tədbirində xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, nazirliyin şöbə müdiri, şair Vaqif Bəhmənli, xalq artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi sənətçilər qrupu, eləcə də İtaliyanın ədəbi dairələrinin nümayəndələri, incəsənət xadimləri, mədəniyyətşünas alimlər, ölkəmizin ədəbiyyatına maraq göstərən kitabsevərlər iştirak ediblər.