Yollarda oğru peyda oldu - “Azəryolservis”ə külli miqdarda ziyan dəydi

5 Oktyabr 2015 17:51 (UTC+04:00)

Bu barədə AzNews.az-a ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Bildirib ki, səth sularının normal axıdılması üçün nəzərdə tutulan və yolun hərəkət hissəsinin kənarlarında yerləşən yağış-kanalizasiya sistemlərinə aid quyuların barmaqlıqlarının ən çox oğurlandığı ərazilərdən biri Ziya Bünyadov prospektidir. Prospektdə qısa müddət ərzində 179 ədəd barmaqlıq yoxa çıxıb.

Analoji faktlar Heydər Əliyev prospektinin "Böyük Şor yol qovşağı"ndan "Mərdəkan yol qovşağı"nadək olan hissəsində də qeydə alınıb. Burada oğurlanan yağış barmaqlıqlarının sayı 69 ədəddir.

Nobel prospektində isə yolun hərəkət hissəsinin kənarlarında yerləşən 10 ədəd yağış-kanalizasiya sisteminə aid quyuların barmaqlıqları götürülüb.

O, baş vermiş hadisə ilə bağlı yol təsərrüfatına külli miqdarda ziyan dəydiyini bildirib. A.Nəcəflinin sözlərinə görə, faktla bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC rəsmi olaraq hüquq-mühafizə orqanlarına müraciət edib: "Hazırda hüquq-mühafizə orqanları tərəfindən həmin hadisəni törədən şəxs və ya şəxslərin saxlanılaraq istintaqa cəlb olunması istiqamətində işlər aparılır".