Rusiya qırıcılarının ​Türkiyənin hava məkanını pozması... - ŞƏRH

6 Oktyabr 2015 16:08 (UTC+04:00)

Rusiyanın Ankaradakı səfiri Andrey Karlov ötən günün "qəhrəmanı" olub. Diplomat bir gündə iki dəfə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılaraq, iki etiraz notası alıb.
Bəs ötən gün nə baş vermişdi? Səfiri iki dəfə XİN-ə getməyə məcbur edən nə idi?
Rusiyanın hərbi təyyarəsi oktyabrın 3-də Hatay əyalətinin Yayladağı bölgəsinin cənubunda Türkiyənin hava sərhədini pozub. Rusiya diplomatına birinci etiraz notası buna görə verilib. Nazirlik Kremlin nəzərinə çatdırıb ki, bu sayaq əməllərin bir daha təkrarlanmaması üçün tədbirlər görsün, əks halda baş verə biləcək arzu edilməyən bütün hadisələrin məsuliyyətini Rusiya daşıyacaq.

Türkiyənin baş naziri Əhməd Davudoğlu hadisəyə siyasi-diplomatik yöndən yanaşaraq bildirib ki, Rusiya ölkəsinin qonşusu və dostudur, Suriya məsələsi türk-rus böhranı deyil: "Uçan quş belə olsa, Türkiyə sərhədlərini pozanlara qarşı lazımi tədbirlər görüləcək".

ABŞ-ın dövlət katibi Con Kerry baş verən hadisənin "çox narahatedici" hal olduğunu bildirib: "Türkiyənin bu təyyarəni vurub, düşürmək haqqı var idi".
Pentaqonun münasibəti daha kəskin olub: "Türkiyənin hava sərhədinin pozulması təsadüfi deyil. Bu, bizim öncədən xəbərdar etdiyimiz məsələdir".
Oktyabrın 5-də səhər saatlarında Rusiya döyüş təyyarələri Türkiyənin hava sərhədini ikinci dəfə pozub.

Səfir Andrey Karlov ikinci etiraz notasını buna görə alıb.
NATO ötən gün keçirdiyi toplantıda bildirib ki, alyansın sərhəd bütövlüyünün pozulması yolverilməzdir və qurum Türkiyənin təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıyır.

Qeyd edək ki, bundan sonra Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin hava məkanını səhvən pozduqlarını bildirib.
Rusiyanın Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov deyib ki, ölkəsinin Hava-Kosmik Qüvvələrinin Suriyadakı aviasiya qrupu komandanlığı gələcəkdə bu kimi halların qarşısını almaq üçün zəruri tədbirlər görüb.
Konaşenkovun sözlərinə görə, Türkiyənin hava sərhədinin pozulması əlverişsiz hava şəraitinin nəticəsidir.

Beləliklə, Rusiyanın Suriyaya girdiyi 5 gün ərzində Türkiyənin sərhəd toxunulmazlığı iki dəfə pozulub. Moskva rəsmiləri Rusiya hərbçilərinin Suriyada 3-4 ay qalacaqlarını bildirib. Bu baxımdan Suriyaya qonşu dövlətlərin ərazi bütövlüyünün Rusiya və ya müttəfiqinin pozması hallarının təkrarlanacağı istisna edilmir. Suriyanın qonşuları İordaniya, İsrail və Livan isə Rusiyaya (elə bölgədəki müttəfiqi İran da) dost ölkə sayılmır.

Ötən gün Səudiyyə Ərəbistanının 53 dini lideri ərəb ölkələrini Rusiya, İran və Suriya hakimiyyətinə qarşı cihadı dəstəkləməyə çağırıblar. Suriyanın qonşuları olan İordaniya və Livanının Səudiyyə Ərəbistanı ilə münasibətlərini nəzərə alsaq, həmin çağırışdan sonra Rusiyanın bu ölkələri də "özünə məxsus cəzalandıracağı"nı ehtimal etmək mümkündür.

Onu da vurğulamaq lazımdır ki, körfəzdəki ərəb dövlətləri, o cümlədən Səudiyyə Ərəbistanı ilə Rusiya və İranın maraqları üst-üstə düşmür.
Bu baxımdan "Türkiyənin hava məkanının pozulması təsadüfü deyil" ifadəsi boş-boşuna deyilməyb.

Sərhəd pozuntusundan bir gün öncə, oktyabrın 2-də Türkiyə, ABŞ, Almaniya, Britaniya, Fransa, Qətər və Səudiyyə Ərəbistanı birgə bəyanat yayaraq, Rusiyanı Suriya müxalifətinə və mülki vətəndaşlarına yönəlmiş hücumlara dərhal son verməyə, Moskvanı İŞİD-ə qarşı mübarizə aparmağa çağırmışdılar.
Ona görə də ehtimal etmək olar ki, əli Türkiyəyə çatdığından Rusiya özünü və üzünü Ankaraya belə göstərib.

"Əlverişsiz hava şəraiti" məsələsinə gəldikdə isə "Rossia 24" telekanalının hava proqnozunun aparıcısı oktyabrda Suriyanın "bombalanması üçün əlverişli hava şəraitinin olacağını" söyləyib. Odur ki, Rusiya rəsmilərinin dediyi "əlverişsiz hava şəraiti"nin də belə hallar üçün ənənəvi bir bəhanə olduğu da istisna edilmir.
Bu bəhanə ilə Rusiya Türkiyənin ərazisinə bomba, yaxud terrorçu PKK-nın Suriyadakı qolları PYD (Demokratik Birlik Partiyası) və YPG-yə (Xalq Müdafiə Birlikləri) "təsadüfən" silah da ata bilər.

Qeyd edək ki, Rusiyanın xairici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirdiyi mətbuat konfransı zamanı kürdlərə silahı İraq hökuməti vasitəsi ilə ötürdüklərini bildirmişdi.
Yeri gəlmişkən, 2012-ci il iyunun 22-də Türkiyə Hərbi Hava Qüvvələrinə aid "RF4" kəşfiyyat təyyarəsinin Bəşşar Əsədə məxsus ordu tərəfindən "vurulduğu" iddia edildi. Onun Rusiya silahı vurulduğunun inkar edilməsi mümkünsüzdür.
Sonra vəziyyət bir qədər fərqləndi. Türkiyə Suriyanı davranışını qarşılıqsız buraxmadı. Türkiyə ordusu 2013-cü il sentyabrın 16-da Suriyanın hərbi vertolyotunu, 2014-cü il martın 23-də qırıcısını, 2015-ci il mayın 16-da isə daha bir təyyarəsini "ölkənin hava məkanını pozduğu" üçün vurmuşdu.

Ancaq Türkiyə tərəfi oktyabrın 3 və 5-dəki hadisəyə görə, Rusiyanın qırıcılarını "qonşuluq və dostluğu" nəzərə alaraq, vurmadı. Hər halda bu da nəzərə alınası faktlardandır.

Nəhayət, Rusiya Yaxın Şərqdəki qarışıqlığa gec də olsa öz adı ilə qoşulub. Moskvanın bölgədəki hərəkəti və davranışından bir çox məsələnin asılı olacağı istisna edilmir. Ancaq bir gündə Türkiyədəki səfirinə iki etiraz notasının təqdim olunması Moskvanın bölgədə sakit durmayacağını da deməyə əsas verir. Rusiyada "Şərqin çox incə, həssas məsələ" olduğunu yaxşı bilirlər...