Tofiq Hacıyevin oğlu atasının müdafiəsinə qalxdı - AMEA öz elmini tapdalayacaq

6 Oktyabr 2015 18:04 (UTC+04:00)

Tofiq Hacıyevin oğlu fizika-riyaziyyat elmləri namizədi Azər Hacıyev atasıətrafında baş verən hadisələrlə bağlı yazı hazırlayıb.

AzNews.az musavat.com-a istinadən həmin yazını təqdim edir:

Bəri başdan deyim ki, bu yazını qələmə almağıma səbəb atama – ölkənin üzdə olan həqiqi alimlərindən birinə qarşı HAQSIZLIQdır. Mən burada haqsızlıq sözünü təsadüfən boyük hərflə yazmıram. Bu haqsızlıq kiçik və intriqaçı adamlarla başladı və xalqın problemlərini həll edəcək insanların aradan qaldıra biləcəyi səviyyəyə qədər böyüdü. Bu hərfin ölçüsünü onlar düzəltməlidir, bizlik bir şey qalmadı...

Atam, Tofiq Hacıyev, üç yaşında ikən atasını itirib. Uşaqlığının ən qayğısız keçməli olan çağları müharibə dövrünə düşüb. Nəslin genetik xüsusiyyətləri və bir də sərt keçən bu uşaqlıq illəri onda çox parlaq keyfiyyətlər formalaşdırıb. Normal insana xas olan bu keyfiyyətləri sonralar keçdiyi ehtiyac və çətinliklərlə dolu həyatında onu sınmağa qoymayıb. O, bu günə qədər xalqının dəyərlərini daşıyan bir alim kimi ana dilimizin keşiyindədir, bütün həyatı boyu bu dilin tədqiqatçısı olub, yazılı abidələrimizin və milli ruhun ifadəçisi olan böyük ədəbi şəxsiyyətlərin dilini araşdırıb, dil tariximizi yazıb. Uzun illərdir onu müşahidə edən bir adam kimi, bu fəaliyyəti ilə bağlı bir şeyi dəqiq deyə bilərəm: atam bu işlərlə nəfəs alır, dilimizin ruhu ilə yaşayır.

Mən atamın xalqımızın böyük alimlərindən olduğunu bilirəm. Dil sahəsində çalışanlar bunu daha yaxşı izah edərlər. 2001-ci ildə atam ağır bir əməliyyat keçirdi və bu hadisədən sonra heç nəyin əbədi olmadığını daha aydın dərk elədim. Bəlkə də əvvəllər də eşitdiyim "atanı qoru, o bizim xalqa lazımlı adamdı, böyük müəllimdi...." kimi sözləri daha aydın anlamağa başladım. Bu baxımdan indi mənim ikiqat söz demək borcum var: oğul və silahdaşlarının əmanətçisi kimi. Atam xasiyyətdə və əqidədə olan adamlar üçün vəzifə xalqa, millətə xidmət imkanıdır. 2014-cü ilin əvvəlində ona təklif olunan Nəsimi adına Dilçilik institutunun direktoru vəzifəsinə müəyyən tərəddüdlərdən sonra razılıq verdi. O zaman ailəmizdə bununla bağlı fərqli fikirlər var idi, birini də mən ortaya atdım. Dedim ki, neyniyirsən direktorluğu, ona sərf edəcəyin vaxtı nəvə-nəticələrinlə keçirsən daha çox enerji alarsan və daha samballı əsərlər yaratmaq imkanın olar. Amma bunu bircə dəfə dedim, təkid eləmədim. Onu da qeyd edim ki, atamın tərəddüdlərini qıran şəxs akademik Akif Əlizadə oldu və son hadisəyə qədər həmişə atamın işlərində ona dəstək verdi. İnstitutun daxilində gedən işlər haqqında yazmağım düzgün olmaz. Mən dilçi deyiləm, detallardan bəhs etsəm söhbəti məişət səviyyəsinə endirmiş olaram. Amma az-çox səviyyəsi və müşahidə qabiliyyəti olan adam kimi deyə bilərəm ki, son 3-4 ayda institutda elmi və ozünü görünməz hesab edən birisinin dəstəklədiyi qeyri-elmi qüvvələrin gizli-aşkar mübarizəsi gedib. Mən bunun şahidiyəm.

Hər kəs kimi mən də anlayıram ki, bu mübarizə sonsuz davam edə bilməz və istənilən halda AMEA-da elmin, yoxsa qeyri-elmin güclü olduğunu görəcəyik. Həyatda alın yazısına təsadüf deyənlər çoxdu. İndiki halda Şərin gücü çox, dayaqları möhkəmdir, Şeytan da fəaliyyətsiz deyil. Bu məsələni uzadanlar bilməmiş deyil ki, hər an təsadüf baş verə bilər. Yəni elmlər akademiyamızın hər hansı səbəbdən öz elmini tapdalayacağı da istisna deyil. "Tapdalamaq" sözü bir mətləbi də xatırlatdı mənə. Böyük alimlərdən biri deyib ki, mənim uzaqları görməyimin səbəbi dahilərin çiynində durmağımdı.

Atam həmişə müəllimlərini valideyinləri səviyyədə qəbul edib. Çiyində ağırlıq salmadan durub uzağı görmək məntiqi sadə də görünsə, öz çəkisi var. Çiyində duran adam müdrikdirsə və çiynin kimlərdən ibarət olduğunu bilirsə böyükdür, həmin çiyni tapdalamağa başlayanda isə heç kimdir. Çiyinə qovuşmaq istəyən onu heç vaxt tapdamamalıdır. Bir xalqın yüksək vəzifəli şəxsi, alimliyindən, mühəndisliyindən, müəllimliyindən asılı olmayaraq, ona verilən imkan və səlahiyyətlərini bədxah işlərə sərf edərək oz xalqının böyük bir alimini zədələməyə çalışırsa, o bizim cəmiyyətin əskiklərini necə düzəldə bilər? Belə bir adam dövlətin verdiyi maşınla gedəndə qarşıda şütüyən maşından boş koka-kola şüşəsinin atılmasına əsəbləşməməlidi. Çünki bu cəmiyyəti o da, tərbiyə edir. Şirin çayda ərinmiş qəndi görmək mümkün deyil. Suda zəif zəhəri nəinki görmək, heç içəndə də hiss etmək olmaz. Amma bu zəhər yavaş-yavaş öz işini görür. Mütləq haqqın harda olduğunu çoxları bilir. Onu yerdə axtarmaq yox, qurmağa çalışmaq lazımdı. Halbuki, göz yumulan haqsizliqlar cəmiyyəti içəridən yeyib dağıdır, toplumun qanına yavaş-yavaş sorulan zəhər kimidir, bir gün fəsad verə bilər... Yəni heç vaxt baş verməsini istəmədiyimiz bu fəsadın səbəbkarı AŞPA, ATƏT, hansısa diasporalar deyil, ozümüzünkülərdir. Bir şeyin də şahidiyəm ki, bu hadisələr başlayandan atam əlinə qələm alıbsa da, mən görməmişəm. Halbuki keçən yay iki ay durmadan işləyərək, böyük Üzeyir Hacıbəylinin əsərlərinin dilinə aid gözəl bir kitab ortaya qoymuşdu, Heydər Əliyev fondu da onu çap eləmişdi. Amma son aylar əvvəlkilərlə müqaisədə məhsuldar olmasa da, nikbindir, ən başlıcası yumor hissini itirməyib.

Görünür, Füzuli, Zakir, Sabir, "Molla Nəsrəddin"in dillərini tədqiq edən alim gərgin anlarda yumoru immunitetə çevirməyi də bacarır. Deyir ki, 37-ci il olsaydı, şübhəsiz, məni gülləliyərdilər. Hər zarafatda az da olsa həqiqət var. İndiki intriqa ustaları o vaxt tətikçəkənlər olub. Məsələnin düzgün araşdırılıb qərar verilməsi ilə bağlı atamın AMEA rəhbərliyinə müraciət etdiyindən xəbərim var. Amma iş uzanmaqda davam edir və bu müraciətə institutda başlanmış yoxlamadan başqa bir reaksiya yoxdur. Yoxlama akademiyanın növbəti monitorinqi kimi qələmə verilsə də məqsəd aydındır: T.Hacıyevi işdən uzaqlaşdırmaq üçün hüquqi əsas yaratmaq. Halbuki atam vəzifə uğrunda mübarizə aparmır, deyir rəhbərlik rəsmi qərar versin ki, gedim, dərhal gedərəm. Amma indiki halda atam gizli oyunlara, ədalətsizliyə, riyakar davranışlara qarşıdır. Hiss edirəm ki, atam AMEA-nın yoxlamalarına laqeyd deyil, eyni zamanda həm də heç nədən çəkinmir, çunki haqlı olduğunu bilir. Bu günlərdə dedim ki, nəyi gözləyirsən, bu haqsızlıqla bağlı birbaşa ölkə prezidentinə yaz. Atam belə cavab verdi ki, prezidentə yazsam düşünə bilərlər ki, mən vəzifədə qalmaq üçün əldən gedirəm. Amma əminəm ki, atam, hər halda bütün bu xoşagəlməz olaylarla bağlı öz sözünü deyəcək. Mən yazımı belə bədbin notlarla bitirmək istəmirəm. Atamı dəstəkləyən, bunu çəkinmədən mətbuatda yazan, sözünü deyən çox ləyaqətli insanlar bilir ki, onu incitmək, haqqını tapdalamaq, vəzifədən çixarmaq olar, amma ruhən, mənən məğlub etmək mümkünsüzdür. Səbəbi çox sadədir – Tofiq Hacıyevə qarşı savaş xalqa, onun dilinə və mənəviyyatına qarşı savaşdır, çünki onun bütün həyatı, ictimai və elmi düşüncəsi bu dilin ruhu və xalqın mənəviyyatı ilə yoğrulub.