İlham Əliyev Göyçay və Ucara 6 milyon ayırdı - Sərəncam

8 Oktyabr 2015 18:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

Son illərdə Göyçay şəhərinin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, Bayraq Meydanı Kompleksi, Uşaq Musiqi Məktəbi tikilərək istifadəyə verilmiş, Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunmuş, əlil və şəhid ailələri üçün 45 mənzilli 2 yaşayış binası inşa edilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Göyçayda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Göyçay şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Göyçay Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

***

Prezidentin digər sərəncamı isə Ucarla bağlıdır.

Sərəncam Ucarda yerləşən 25 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə verilib.


"1. Uçar şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Ucar Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".