​Ankaradakı terrorun 9 hədəfi, 5 mənbəyi - ŞƏRH

12 Oktyabr 2015 15:36 (UTC+04:00)
Ankarada dəmiryolu vağzalı yaxınlığında baş verən terror hadisəsi nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb. Onlardan biri fələstinlidir. Məlumata əsasən, həlak olanlardan 92-nin şəxsiyyəti müəyyənləşib. Həyatını itirən 91 nəfər vətəndaşın nəşi ailəsinə verilib. İntiharçı-terrorçu olduqları təsbit edilən 2 kişinin cəsədi üzərində ekspertiza işləri aparılır.
Bu hadisənin sifarişçi və icraçılarının da kimliyinin müəyyənləşəcəyinə ümid edib, hadisə ilə bağlı bəzi ehtimallarımızı sizinlə bölüşmək istəyirik.
78 milyonluq bir dövlətin paytaxtını qana boyayanların, bu terror aktını hazırlayıb həyata keçirənlərin, onların arxasında dayananların hədəfləri aşağıdakılardır:
- Seçkilərin keçirilməsini təxirə salmaq. Terror aktı seçkiqabağı kampaniya zamanı Türkiyə Böyük Millət Məclisinə seçkilərin keçirilməsinə 20 gün qalmış törədilib.
Bir müddət öncə hazırda Türkiyə siyasətində özünü xalqların haqlarının müdafiəçisi kimi təqdim edən, qanlı olaydan belə öz hədəflərinə çatmaq üçün yararlanan, kürdlərin siyasətçisi rolunun ifaçısı hökumətin seçkiləri keçirməyəcəyini söyləmişdi. Onda Türkiyənin dövlət rəsmiləri nəyin bahasına olursa-olsun, bu siyasi kampaniyanın keçiriləcəyini, ölkədə demokratik islahatların aparılacağını bildirmişdilər.
- Seçkidə hakim Ədalət və İnkişaf Partiyasının məğlubiyyətinə nail olmaq. Terror baş verən gün bir qrupun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istefasını tələb etməsi və müxalifətin bu olaydan hakimiyyət əleyhinə istifadə etməsi cəhdi də bunu təsdiqləyə bilər.
- Seçkidə hakimiyyəti gözdən salmaq, bununla da onun ölkədə və bölgədə nüfuzuna zərbə vurmaq.
- Türkiyədə sabitliyi pozub, onu Suriya, Liviya, İraqın vəziyyətinə salmağa cəhd göstərmək. Çünki bu yöndə çalışan terrorçu qruplaşmalar və onların siyasi dəstəkçiləri az deyil. Həmin terrorçu qruplar arasında İŞİD, PKK, DHKC-P (İnqilabçı Xalq Qurtuluş Cəbhəsi-Partiyası), habelə kommunist və ya başqa solçu qruplar var. Belə qrupların məqsədi Türkiyəni məhv edib, onu parçalamaq, yaxud "sosializim" adlı cəmiyyət qurmaqdır. Ona görə də bu sayaq qruplar üçün yüz, iki yüz, minlərlə dinc sakinin ölməsi önəmli deyil.
- İndiki hakimiyyəti terrorçularla, xüsusilə PKK ilə danışıqlara getməyə məcbur etmək. Uzun müddətdir ki, kürd terrorçuları və onların siyasi təmsilçilərini İmralı adasında saxlanılan PKK rəhbəri Abdulla Öcalan həbsxanadan idarə edir. Terrorçular ömürlük azadlıqdan məhrum edilən başçılarının azadlığa buraxılmasını da tələb edirlər.
- Hökuməti terrorçu PKK-ya qarşı mübarizəni dayandırmağa məcbur etmək. Bir neçə gün öncə terrorçu qrupun oktyabrın ortalarında atəşi dayandırmağa hazır olduğu barədə xəbər yayılmışdı. Türkiyə rəsmiləri buna cavab olaraq, bildirib ki, qarşıdan ağır qış gəlir, terrorçular atəşkəsdən istifadə edərək, yenidən toparlanmaq, istəyir. "Bu baş tutan deyil", - deyə cavab vermişdilər.
- Türkiyəni İŞİD-ə qarşı mübarizə quru əməliyyatlarına cəlb etmək. Çoxdandır ki, Türkiyənin Suriyada quru əməliyyatlarına başlamasına sövq etmək istəyirlər. Rəsmi Ankara isə bunu üçün müttəfiqlərin birgə fəaliyyətini təklif edir. Hətta, Türkiyə Suriyanın havadan bombalanmasına da müttəfiqləri ilə birlikdə başlaya biləcəyini bildirib.
- Ölkə daxilində milli-etnik zəmində iğtişaşlar salmağa nail olmaq istəyirlər.
- Rəsmi Ankaranı Rusiya ilə Suriya məsələsində yola gəlməyə məcbur etmək.
Ehtimal etdiyimiz hədəfləri həyata keçirməyə çalışan qüvvələrə isə aşağıdakıları aid etmək olar:
Bunlardan birincisi kürd siyasilərinin istəklərini təmin etmək üçün əsas güc vasitəsi terrorçu PKK sayılır. Bu qruplaşma hətta Ankarada qanlı hadisə baş verən gün də Türkiyə ordusuna, hüquq-mühafizə orqanlarına hücumlarına ara verməyib. Kürdlərin siyasi qüvvələrinin təmsilçisi ötən gün "Euronews" telekanalına müsahibəsində müxbirin "Çözüm sürəci" davam etdiyi halda PKK-a niyə atəşkəsi pozdu" sualına cavabında deyib ki, bunu onlardan (yəni PKK-dan) soruşmaq lazımdır. Bununla da istəmədən PKK-nı suçlayıb.
İkinci solyönlü silahlı qüvvələrdir.
Üçüncüsü Türkiyəni öz istəklərinə tabe etmək istəyən güclər və qonşular da bura daxildir.
Dördüncüsü İŞİD-dir. Sentyabrın sonunda bu terorçu qruplaşmanın Türkiyə ilə bağlı yeni planlar hazırladığı haqda məlumat yayılmışdı. Terror təşkilatının yeni strategiyasına əsasən, bu ölkədə sabitliyi pozmaq məqsədilə hücrələr yaradılacaq və pul mənbələri əldə etmək istiqamətində fəaliyyət göstəriləcək.
Məlumata görə, terrorçuların Türkiyədə hədəfi yeni torpaqlar ələ keçirmək deyil, yaxın və uzaqdakı düşmənlərinin olduğu yerlərə hücum etməkdir. İŞİD-in məqsədi Türkiyəni qarışdırmaq, terroru bu ölkənin ərazisinə köçürməkdir.
Qərb kəşfiyyat orqanları məsullarından biri demişdi ki, İŞİD gələcək fəaliyyətini 3 istiqamətdə davam etdirməyi planlaşdırır. Bura Misirin Sina yarımadasında və Liviyada torpaqlar ələ keçirmək, Türkiyə, İordaniya, Livan və Səudiyyə Ərəbistanı kimi dövlətlərdə sabitliyi pozmaq məqsədilə hücrələr yaradıb, maliyyə mənbələri formalaşdırmaq, Avropada, dünyanın müxtəlif yaxın və uzaq dövlətlərində hücumlar təşkil edib, terrorlar törətmək daxildir.
Elə ötən ay yayılan başqa bir xəbərdə terrorçu İŞİD və PKK qruplarının Türkiyəyə intiharçı-terrorçu göndərdiyi bildirilmişdi. Həmin xəbər də onların bəzilərinin adları belə açıqlanmışdı.
Yeri gəlmişkən o xəbəri diqqətinizə çatdıraq. İŞİD İraqın Telafər, Tuzhurmatu və Kərkük şəhərlərindən olan türkmən və ərəb əsilli 7 silahlısını hazırlayaraq, Türkiyəyə göndərib. Onlar bığ və saqqallarını kəsərək ölkəyə girib.
Onların 5-i haqda məlumat verilib:
Brahim Muhammed Selmo - terrorçu kamikadze,
Cengiz Ruşit Abbas- bir ay önce Türkiyəyə girib, 45 yaşlarında, İŞİD-in liderlərindən,
Muhammet Hüseyin - 4 gün öncə Türkiyə daxil olub, 45-47 yaşlarındadır, İŞİD-in hərbi qanadındandır,
Teymur Abdurrauf Musa - bir həftə öncə Tuzhurmatudan Türkiyəyə girib, İŞİD- in hərbi qanadındandır,
Elmala Ebu Amar - Suriya əsillidir, Türkiyənin Hatay əyalətinin Reyhanlı rayonuna girib, intiharçı-terrorçu olduğu ehtimal edilir.
Məlumata əsasən, PKK da dağdakı terrorçulardan 7-sini İstanbula göndərib. Onların Türkiyənin Egey bölgəsində iğtişaş yaradacağı ehtimal edilirdi.
Beşincisi ABŞ və Rusiyanın dəstəklədiyi, terrorçu PKK-nın Suriyadakı qolu "PYD"-dir ("Demokratik Birlik Partiyası"). Bu yerdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın bir müddət öncə dediklərini də xatırlamaq istərdik: ""İŞİD, "YPG" ("Xalqı Müdafiə Birliyi"), "PYD" ("Demokratik Birlik Partiyası") - bunlar terrorçu qruplaşmalardır. Biz bu terror qruplaşmalarının əlində onların (ABŞ və onun qərbli müttəfiqlərini nəzərdə tutur - "Report") silahını görəndə məyus oluruq".

Nəhayət, hadisədən sonra adətən terrorun məsuliyyətini törədən üzərinə götürür. Ancaq hadisədən 3 gün keçməsinə baxmayaraq, bunun məsuliyyətini üzərinə götürən yoxdur. Odur ki, Ankarada baş verən qanlı olay Türkiyənin başı üzərində yeni oyunların oynanıldığını deməyə əsas verir.

(report.az)