Bəbir ovçusu cərimələndi - 9000

12 Oktyabr 2015 16:09 (UTC+04:00)


AzNews.az-a ETSN-dən daxil olan məlumata görə, Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarına əsasən bəbirin qanunsuz ovu üçün təbiətə dəymiş ziyan 3000 manat, dövlət təbiət qoruqlarının və milli parkların ərazilərində bəbirin qanunsuz ovu baş verdikdə isə həmin məbləğ 3 qat ölçüdə tətbiq olunur. Hazırki brakonyerlik faktı ilə bağlı Böyükzadə Natiq Nəbi oğlu 9000 manat məbləğində cərimə olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258-ci maddəsinə müvafiq olaraq, əməlində cinayət tərkibi olduğundan saxlanılmışdır. Bununla əlaqədar Baş Prokurorluğa təqdim olunması üçün ETSN tərəfindən müvafiq sənədləşmə işi aparılır.

Ərazi sırf sərhəd zonası olduğundan ETSN əməkdaşlarının həmin əraziyə giriş-çıxışında məhdudiyyətlər olmuş, məhz Dövlət Sərhəd Xidməti əməkdaşlarının yüksək peşəkarlığı nəticəsində qanun pozucusu saxlanılmışdır ki, buna görə bütün şəxsi heyətin təbiətə sədaqəti xüsusi qeyd olunmalıdır.

Qeyd edək ki, Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin mühafizəsi ilə bağlı aparılan tədbirlər sırasında bəbir xüsusi yer tutur. Bu nadir növ Ümumdünya Təbiəti Mühafizə İttifaqının (İUCN) "Qırmızı Siyahısı"na və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilib. Son 10 il ərzində aparılmış tədqiqatlar nəticəsində bəbirlərin Hirkan meşələrində, Zəngəzur silsiləsində, Darıdağ, Nehrəmdağ və Dərəşamda, Mingəçevir su anbarının şimalında Axar-Baxar silsiləsində yaşaması müəyyən edilmişdir. Respublika ərazisində bəbirlərin 15-ə qədər fərdi yaşayır.

Bəbirin mühafizəsində ən effektiv tədbir xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilərək ekoloji şəbəkənin yaradılmasıdır. Məhz bəbirin yaşam arealı hesab edilən bir sıra qorunan ərazilərin sahəsi 2 dəfəyədək genişləndirilib, qanunvericilikdə bəbirin ovlanmasına görə cəza tədbirləri sərtləşdirilib, 2009-cu ildə isə "Bəbirin Azərbaycan Respublikası ərazisində Mühafizə Strategiyası Fəaliyyət Planı" qəbul edilib.

Keçən 5 il ərzində Milli Fəaliyyət Planının həyata keçirilməsi nəticəsində bəbirlərin və onların qida obyektlərinin monitorinqi aparılıb, maneələrin dəf edilməsi və dəhlizlərin yaradılması üzrə strategiya işlənilib, təhlükələrin azaldılması, əhalinin maarifləndirilməsi istiqamətində işlər görülüb.