Bakının bu əraziləri sürüşür - Təhlükə (Fotolar)

13 Oktyabr 2015 09:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Trend-in əməkdaşı paytaxtda aktiv sürüşmə zonalarından birinə - Könhə və Yeni Günəşli yaşayış massivlərinin kəsişməsində, S.Mehmandarov küçəsində yerləşən əraziyə baş çəkib, oradakı vəziyyətlə bağlı sakinləri danışdırıb, fotolar hazırlayıb.

Faktiki olaraq böyük bir uçurumu xatırladan zona hər iki tərəfdən hasara alınıb. Sakinlərin bu əraziyə daxil olmasını qadağan edən dəmir sədlər çəkilib. Ərazi vahiməli görünüşü ilə diqqət çəkir. Bir addım qabağa atsan, dağdan yıxıla və həyatını itirə bilərsən. Bu ərazidə maşın saxlamaq, park etmək də təhlükəlidir. Buna baxmayaraq, ərazinin yaxınlığında binalar, iaşə obyektləri yerləşir. Yuxarı tərəfdən ərazinin qurtaracağı müxtəlif kafelərə bitişikdir. Aşağı tərəfdən isə bitişik ərazilərdə tikinti-quraşdırma işləri aparılır.

Ərazidə yaşayan Zahid Səfərov deyir ki, illərdir burada vəziyyət belə davam edir: "Əvvəllər bir qədər irəlidə hərəkət mümkün idisə, indi artıq bu da mümkün deyil. Çünki sürüşmə zonası bir qədər dərinə irəliləyib.

Düzdür, son zamanlar ciddi sürüşmə faktı qeydə alınmayıb. Ancaq demək olmaz ki, hər şey qaydasındadır".
Digər sakin Famil Zeynalov deyir ki, bu ərazi qarşıdakı ərazi ilə müqayisədə daha az sürüşməyə meyillidir: "Bir az qabaqda daha ciddi sürüşmə zonaları var. Amma orada bunu müəyyən etmək elə də asan deyil. Bu ərazi dərin sürüşmə zonası olmasa da, görüntü vahiməlidir".

Bünyad Məmmədov adlı sakin isə yaxınlıqda yaşadığından davamlı olaraq stress keçirdiklərini deyir: "Xüsusən ruhi tarazlığı yerində olmayan, müxtəlif xəstəliklərdən əziyyət çəkən sakinlər daha həyəcanlı olur. Bir qonşumuz vardı. Hər dəfə səs-küy gələndə, elə bilirdi ki, sürüşmə olub".

"Əvvəllər daha həyəcanlı idik, indi artıq öyrəşmişik", - deyən B.Məmmədov əlavə edir ki, məhz sürüşmə səbəbindən bu ərazidə evlərin qiyməti nisbətən ucuzdur: "Buranın çox gözəl havası və ekoloji şəraiti var. Amma süşürmə söhbəti camaatın canına vəlvələ salıb. Buna görə də burada evlərin qiyməti nisbətən ucuzdur. Mənzilini satışa çıxaran insanlar aylarla evlərini sata bilmirlər".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib ki, son vaxtlar paytaxtda sürüşmə zonaları aktivləşir. Nazirlik rəsmisinin sözlərinə görə, xüsusən son vaxtlar Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı ərazidə intensivləşən sürüşmə aktivliyi artır.