Rəis haqda yazılanlar və həqiqətlər

13 Oktyabr 2015 11:04 (UTC+04:00)

Şəhərdə təsadüfən bir tanışımla rastlaşdıq. Hal-əhval tutduq, xeyli söhbət etdik. Rabitə sahəsində çalışan tanışım söhbəti jurnalistika istiqamətinə yönəltdi, unvanımıza xoş sözlər söyləməklə bərabər bəzi uzdəniraq media işçilərinin əməlləri barədə acı təəssuf hissi ilə danışdı və əlindəki qəzeti bizə uzadaraq orada dərc edilmiş bir yazını oxumağı təkidlə xahiş etdi. Oxuduq. Anonim xarakterli bu yazi respublikada yaxşı tanınan bir rabitəçi haqqında idi. Altında imza qoyulmayan, guya idarənin bir qrup əməkdaşı tərəfindən redaksiyanın unvanına göndərilən bu yazıda sadalananların son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu dərhal açıq-aydın gorünürdu. Heç bir konkret faktın yer almadığı və şəxsiyyətin təhqir olunmasına xidmət edən yazını qəzet səhifəsinə çıxarmaqla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimizi isə deməyə ehtiyac duymuruq.


Tanışım yazıda adı hallanan rabitəçinin keçdiyi həyat yolu, əmək fəaliyyəti, onun şəxsi keyfiyyətlərindən o qədər xoş sözlər danışdı ki, bu adamla əlaqədar araşdırma aparmaq, onu geniş oxucu kutləsinə tanıtdırmaq istədik. Çunki, ortaya belə bir sual çıxırdı: Doğrudanmı ömrünü xalqa və dövlətə xidmət etməyə həsr edən, cəmiyyətdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?

Əvvəlcə tanıdığımız bir neçə rabitəçi ilə göruşub onun barəsində soruşduq, onun rəhbərlik etdiyi idarədə müşahidələr apardıq, idarənin bəzi əməkdaşları ilə söhbətləşdik və internet vasitəsilə ətraflı məlumat topladıq. Aydın oldu ki, hər şeyi olduğu kimi cəmiyyətə təqdim etməyə dəyər.

Nəriman Salmanov 1989-cu ildə Bakıda Politexnik İnstitutunu bitirdikdən sonra Gəncə Telekommunikasiya İdarəsində elektromexanik kimi əmək fəaliyyətinə başlayıb. Öz peşəkarlığı ilə həmişə diqqəti cəlb edib. Gəncədə ATS mühəndisi, baş mühəndis, idarə rəisi vəzifələrində çalışıb. Öz işi ilə Gəncədə və ətraf rayonlarda dərin hörmət qazanıb. Sonra Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi vəzifəsinə irəli çəkilib. Yasamal Telefon Qovşağının rəisi vəzifəsində çalışıb. Hazırda Sabunçu Telefon Qovşağının rəisidir.

İşlədiyi müddətdə dəfələrlə nazirliyin rəhbərliyi tərəfindən onun fəaliyyəti yüksək qiymətləndirilib, fəxri-fərmanlarla təltif olunub. "Rabitə ustası" fəxri adına layiq görülüb.

Son 5 il ərzində Nəriman Salmanovun rəhbərlik etdiyi Sabunçu Telefon Qovşağının kollektivi tərəfindən görülən işlərin siyahısına nəzər salanda isə respublikamızın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Qovşağın telefon şəbəkəsi beş il ərzində 21 min nömrə artırılıb. Hazırda 121 min nömrə tutumuna malik EATS-lərə xidmət edən kollektiv sözün əsil mənasında fədakarlıq göstərir.

Dövlət başçısının rabitə və informasiya texnologiyaları sahəsinin inkişafına göstərdiyi xüsusi diqqətdən ruhlanan, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi proqramlara uyğun olaraq Bakının və şəhərətrafı yaşayış məntəqələrinin keyfiyyətli telefon rabitəsi və müasir informasiya texnologiyaları ilə təmin olunması istiqamətində geniş tədbirlər planı həyata keçirən BTRİB-in rəhbərliyi ilə 5 ildə Sabunçu TQ-nin ərazisinə daxil olan Qaraçuxur qəsəbəsinin Boya zavodu ərazisində, Yeni Ramanı, Yeni Balaxanı, Bahar, Məhəmmədli qəsəbələrində, Uğur MTK, Bərgüşad MTK, Bakı MTK, Gülçülük-1, Gülçülük-2, Suraxanı qəsəbəsi - S.Bəhlulzadə, Ramanı qəsəbəsi - Muxtarov, Hövsan-bağ yaşayış sahələrində müasir tipli ATS-lər tikilib, Bakıxanov, Nardaran, Kürdəxanı qəsəbələrində yeni ATS binaları inşa edilib, Ramanı- sovxoz, Savalan, Hövsan - kənd ATS-ləri rekonstruksiya olunaraq müasir NGN tipli telefon stansiyaları ilə əvəz edilib və əhalinin istifadəsinə verilib.

Onu da qeyd edək ki, beş il əvvəl qovşaq üzrə cəmi 739 abunəçi genişzolaqlı rabitə xidmətindən istifadə edirdisə, indi onların sayı 35 mini keçib.

Qısa müddət ərzində bu qədər iş görmüş qovşaq kollektivi sözün əsil mənasında alqışa layiqdir desək, yəqin ki, diqqətli oxucularımız da bizimlə razılaşarlar.

Bundan başqa Sabunçu TQ öz iqtisadi göstəriciləri ilə də fərqlənir. Kollektiv bütün iqtisadi proqnoz-tapşırıqları hər ay, hər rüb, hər il artıqlaması ilə yerinə yetirməyi bacarır.

Qeyd etmək yerinə düşər ki, Fia.Az saytının Sabunçu rayonunun 1235 nəfər sakini arasında rabitə və informasiya texnologiyaları sahəsində xidmətin keyfiyyəti ilə əlaqədar keçirdiyi sorğuda rəyi soruşulanların 67 faizi müsbət fikirlər səsləndirib, 3 faizi münasibət bildirməyib, 30 faizi isə ev telefonundan istifadə etmədiyini deyib.

Topladığımız məlumatlardan aydın oldu ki, bu nümunəvi müəssisəyə rəhbərlik edən Nəriman Salmanov həm də Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatı İdarə Heyətinin üzvü kimi rayonun ictimai həyatında, rayon miqyasında keçirilən tədbirlərin təşkil olunmasında da fəal iştirak edir.

Onu da öyrəndik ki, O.S.Popov adına Odessa Milli Rabitə Akademiyasında genişzolaqlı rabitə şəbəkəsinin təşkili metodikası mövzusunda dissertasiya işini uğurla müdafiə edən N.Salmanov texnika elmləri namizədi alimlik dərəcəsi alıb. Onun elmi işi Ukrayna və Rusiyada elmi ədəbiyyatlara daxil edilib. Ali təhsil müəssisələrində tələbələrə elmi mənbə kimi təqdim olunan dissertasiya işi V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının kataloqunda da yer alıb. Nəriman müəllim elmi fəaliyyətini davam etdirərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 yanvar 2010-cu il tarixli qərarı ilə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa müvəffəq olub.

Qeyd edək ki, Nəriman müəllimin elmə və təhsilə olan münasibəti ailəyə də təsirsiz ötüşməyib. Onun övladlarının ikisi də ali təhsillidir.

Yazımızın əvvəllərində Sabunçu Telefon Qovşağı ərazisində müşahidələr apardığımızı qeyd etmişdik. Qeydlərimizi də elə həmin müşahidələrimizin nəticələri ilə tamamlamaq fikrindəyik. Əminliklə vurğulayaq ki, müəssisədə gördüyümüz səliqə-sahman, nizam-intizam, xidmət mədəniyyəti bizdə ən xoş təəssuratlar yaratdı. Qovşaq rəisinin qəbul günlərinin olmadığını, daha dəqiq desək, vətəndaşların istənilən vaxt onun qəbulunda olmaq imkanının olduğunu öyrəndikdə isə abunəçilərə, geniş mənada desək xalqa və dövlətə xidmətin yüksək səviyyəli nümunəsinin şahidi olduq.

Sonda bir atalar sözünü xatırlamaq istərdik: Yalan ayaq tutar, amma yeriməz. Başqa bir atalar misalına istinad edərək saxta qələmtutanların yadına salmaq istərdik ki, düz söz həmişə əyrini kəsib, yenə də kəsəcək.