“Söyüş eşitməmişəm” - Afaq Bəşirqızı dayandırılan serialdan danışdı

14 Oktyabr 2015 11:24 (UTC+04:00)

Maraqlıdır ki, qeyri –etik sözlərin işlədildiyi, jarqon ifadələrin hər dəqiqə başı rast gəilndiyi bu serialda tanınmış sənətkarlar da oynayır. Məsələn, ömrünün ahıl çağlarına qədəm qoyan, Xalq artisti, Şöhrət ordenli, Musiqili Teatrın aktrisası Afaq Bəşirqızı.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən aktrisa bildirib ki, "Qaynanamız" teleserialının dayandırılması ilə bağlı MTRŞ-nın qərarı ilə razı deyil: "Mən bu serialın dayandırılması ilə bağlı heç nə deyə bilmərəm. Çünki mən özüm hazırda respublikada deyiləm. Bir də ki, bu müvəqqəti bir addımdır. Ola bilsin ki, şura nəyisə bəhanə edib. Amma mən "Qaynanamız" serialında heç bir qeyri- etik ifadələrin işlədilməsinə rast gəlməmişəm. Nə eşitmişəm, nə də özüm işlətmişəm".

A.Bəşirqızının sözlərinə görə, istənilən film və serial çəkilişi başlamamışdan öncə ssenari orada rol alan bütün aktyorlara paylanılır: "Ssenari 15 gün əvvəldən təqdim olunur. Bütün aktyorlar oxuyur və sonda müzakirə olunub ümumi razılığa gəlinir".

Xatırladaq ki, MTRŞ növbəti iclasında ATV" və"ANS" televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair işə baxılıb . İclasda ATV-də yayımlanan "Qaynanamız" serialının dayandırılması ilə bağlı qərar verib. O, buna səbəb olaraq, qeyri-etik məzmunlu ifadələrdən istifadə edilməsini göstərib.

Bahar RÜSTƏMLİ