Nazirlikdən Quba meşəbəyliyindəki yanğınla bağlı - Açıqlama

26 Noyabr 2015 13:19 (UTC+04:00)

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, yanğın Quba meşəbəyliyinin 8 saylı dolayının 6 müxtəlif yerində eyni vaxtda baş verib.

Dərhal əraziyə cəlb olunmuş ETSN-nin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində 26 noyabr 2015-ci il tarixində səhər saat 7 radələrində yanğının qarşısı tam alınıb.

Yanğın nəticəsində Milli Parkın 10 hektar ərazisində xəzəl və quru ot örtüyü yanıb, meşə örtüyünə ziyan dəyməyib.

Qeyd edək ki, yanğının eyni vaxtda bir neçə yerdə baş verməsi hadisənin bilərəkdən və qəsdən törədildiyi ehtimalını yaradır. Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şahdağ Milli Parkı tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılıb və rayon polis şöbəsinə müraciət olunub.