Ukrayna telekanalları “Azərspace-1” vasitəsilə yayımlanacaq

Azərbaycanın peyk operatoru "Azərkosmos" ASC və Ukraynaya məxsus "Ukrkosmos" şirkəti arasında bir sıra Ukrayna televiziya kanallarının "Azərspace-1" peyki vasitəsilə Avropa və Mərkəzi Asiya regionlarında, eləcə də Yaxın Şərqin bir neçə ölkəsində yayımına dair saziş bağlanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ANS PRESS-ə verilən məlumata əsasən, "UTR", "Kultura", "Lvov TV", "KDRTK" və "ЧП INFO" kimi populyar kanalların daxil olduğu paket MPEG-2 standartında yayımlanacaq.

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.

Ötən ilin fevral ayında orbitə buraxılmış və "Azərkosmos" tərəfindən idarə edilən "Azərspace-1" peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

AzNews.az