Başçı məktəbi sökdürüb, göydələn tikdirir – Müəllimlər aksiyaya başlayır?- Yenilənib-2

Azərbaycanda orta məktəb müəllimləri və bu tədris müəssisəsində təhsil alan şagirdlərin valideynləri etiraza qalxıb

AzNews.az-a daxil olan məlumata görə, Bakının Xətai rayonu 245 saylı orta ümumtəhsil məktəbinin müəllimləri və şagirdlərin valideynləri Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirməklə bağlı qərar qəbul ediblər. Etirazçılar 2 il əvvəl bu təhsil ocağının təmiri ilə bağlı təsdiqlənmiş layihənin hələ də icra olunmamasından narazıdırlar.

Aksiya təşkilatçılarının AzNews.az-a bildiriblər ki, təmir işlərinin başlanmasına Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov imkan vermir: "İcra başçısı məktəbin təmir edilməsinə imkan vermir. Bizdə olan məlumata görə bunun səbəbi məktəbin ərazisinin bir tikinti şirkətinə satılmasıdır. Elə buna görə də məktəbin nəinki təmir edilməsi, əksinə söküləcəyi gözlənilir. Bizdə olan məlumata görə, yaxın vaxtlarda məktəbin ərazisində çoxmərtəbəli binanın inşasına başlanılacaq".

Valideynlər həmçinin qeyd ediblər ki, sabah Təhsil Nazirliyinin qarşısına toplanacaqlar. Bundan əlavə, etirazlarını daha da ictimailəşdirilmək üçün televiziya kanallarını çəkiliş aparılması üçün məktəbə dəvət edəcəklər.

Qeyd edək ki, 245 saylı orta məktəb Bakının ən nümunəvi təhsil müəssisələrindən hesab edilir.
Mövzunu diqqətdə saxlayacağıq. (13.04.2014, 23:17)

***
İcra başçısının sökdürmək istədiyi məktəbdə TƏFTİŞ başladı


Ötən gün Bakının Xətai rayonu 245 saylı orta ümumtəhsil məktəbinin təmiri üçün təsdiqlənmiş layihənin iki ildir icra olunmaması ilə bağlı xəbər vermişdik. Hətta müəllimlərin və şagirdlərin valideynlərinin Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirməklə bağlı qərar qəbul etdikləri barədə daxil olan məlumatı da diqqətinizə çatdırmışdıq.

Aksiya təşkilatçıları isə bildirmişdilər ki, məktəbin təmirinin gecikdirilməsinin səbəbkarı Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov. O, burada təmir işlərinin başlanmasına imkan vermir. Səbəb isə məktəb ərazisinin satılmasıdır.

Məsələ ilə bağlı 245 saylı məktəblə əlaqə saxladıq. Özünü direktor əvəzi kimi təqdim edən şəxs (adının Yaqut olduğunu bildirsə də, soyadını deməkdən boyun qaçırdı-İ.V) bildirdi ki, hazırda rayon icra hakimiyyətinin nümayəndələri məhz sözügedən məsələ ilə bağlı məktəbə gəliblər: "Çox sağ olun ki, məsələ ilə maraqlanırsınız. İndi yanımda icra hakimiyyətindən gələn nümayəndələr var. Elə bu məsələ ilə bağlı gəliblər. Görüşümüzdən sonra hansı qərara gəlsək, bu barədə sizə məlumat verəcəyəm".

Ölkənin ən ucqar kəndlərində belə, yeni, səliqəli, Avropa standartlarına uyğun məktəblərin tikildiyi bir vaxtda paytaxtın ən böyük məktəblərindən birinin təmir edilməməsi, uçuq-sökük bir vəziyyətdə tədris prosesinin aparılmasının səbəbləri ilə bağlı rəsmi cavab almaq üçün

Təhsil Nazirliyinə sorğu göndərmişik. Cavab redaksiyaya daxil olan kimi dərc olunacaq. (10.47)

***
Müəllimlər iddia edir: Məktəbin ərazisi satılıb

AzNews.az-ın Xətai rayonu 245 saylı orta məktəblə bağlı qaldırdığı problem qismən həllini tapıb.

Məktəbin direktor əvəzi Yaqut Məmmədova bildirib ki, səhər saatlarında həm yerli icra hakimiyyəti orqanının, həm də məktəbdə təmir işlərini həyata keçirəcək qurumun əməkdaşları ilə görüşüb: "Məktəbimiz "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na düşüb. Məktəbin əsaslı təmiri və 20 əlavə sinif otağının tikilməsi nəzərdə tuutlur. İcra hakimiyyətindən məktəbə gələrək bunu bizim diqqətimizə çatdırdılar və bildirdilər ki, heç bir narahatlığa əsas yoxdur. Bu gün tikinti ilə məşğul olacaq şəxslərlə də görüşdük. Bildirdilər ki, rəsmi məktub gələndən sonra dərhal tikinti işlərinə start veriləcək".

Direktor əvəzi müəllimlərin və valideynlərin aksiya keçirmək istəməyinə də münasibət bildirib: "Bu, bir anlaşılmazlıq idi. Bu gün öyrəndik ki, yaxın vaxtlarda təmir işləri başlayacaq".

AzNews.az-a açıqlama verən məktəbin müəllimləri isə icra strukturlarından bununla bağlı açıqlamanın diqqəti yayındırmağa xidmət etdiyini bildiriblər. Müəllimlərin sözlərinə görə, məktəb 2 ildir sahibsizdir və bu müddətdə təhsil müəssisəsinə direktor təyin olunmur. Nəticədə isə məktəbdə sistemli tədris prosesi aparılmır. Bu da şagirdlərin məktəbdən kənarlaşmasına gətirib çıxarır.

Müəllimlər deyib ki, son 2 ildə 400-ə yaxın şagird 245 saylı məktəbdən çıxaraq, başqa təhsil müəssisəsinə gediblər: "Bütün bunlar məktəbin bağlanmasına zəmin yaradılması üçün edilir. Məktəbin ərazisi böyükdür və çox münasib ərazidə yerləşib. Vəziyyətin bu həddə gəlib çıxmasında isə günahkar tərəf rayon icra hakimiyyətidir. Bizdə dəqiq məlumat var ki, məktəbin ərazisi rayon icra hakimiyyəti tərəfindən satılıb və burada çoxmərtəbəli bina inşa ediləcək".

Qeyd edək ki, dünən 245 saylı məktəbin təmiri ilə bağlı layihənin hazır olduğu və icrasının iki ildir gecikdirilməsi ilə bağlı xəbər yaymışdıq. Məlumatda bildirilirdi ki, yaxın günlərdə təhsil müəssisəsinin müəllimləri və şagirdlərin valideynləri Təhsil Nazirliyinin qarşısında aksiya keçirəcəklər.

İntiqam
AzNews.az