Sabiq dövlət müşaviri: “Rəsul Quliyev Elçibəyi satdı”


Milli Məclisin keçmiş sədri Rəsul Quliyev mətbuata açıqlamasında 1992-1993-cü illərdə ölkəyə rəhbərlik etmiş Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətini qorxaq, aciz və qətiyyətsizlikdə ittiham edib. O bildirib ki, AXC hakimiyyəti azacıq təzyiq olan kimi mövqelərini itirib.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri, həmin dövrdə Dövlət müşaviri vəzifəsini tutan Arif Hacılı isə parlamentin sabiq spikerinin bu açıqlamasına kəskin reaksiya verib.

Arif Hacılı AzNews.az-a açıqlamasında bildirib ki, Əbülfəz Elçibəy hakimiyyətini yalnız Surət Hüseynovun qiyamçı dəstəsi devirməyib: "Əslində Elçibəy hökümətini yalnız Sürət Hüseynovun qiyamçı dəstəsi devirməyib. Rəsul Quliyev də bunu çox yaxşı bilir. Elçibəy hökümətinin devrilməsində Rusiya, İran onların Azərbaycanda olan bütün agentura şəbəkəsi maraqlı idi və onlar bu istiqamətdə fəaliyyət göstərirdi. Eyni zamanda həmin dövürdə Azərbaycanın əsas müxalifət partiyaları olan Yeni Azərbaycan və Milli İstiqlal partiyaları da faktiki olaraq, qiyamçılara dəstək verməklə Azərbaycanın xalq tərəfindən seçilmiş demokratik prezidentinin devrilməsində mühüm rol oynadılar. Rəsul Quliyev həmin dövürdə Elçibəy tərəfindən Baş nazirin müavini kimi yüksək bir görəvə gətililmişdi. Ancaq Rəsul Quliyev müxtəlif dövrlərdə hələ qiyamdan əvvəl faktiki olaraq, hakimyyətə qarşı olan quvvələrlə sıx əlaqədə idi. İstər Heydər Əliyevlə, istər Sürət Hüseynov, istərsə də həmin dövrdə "Cənub" mehmanxanasında yerləşən "OMON"çularla bilavasitə əlaqə saxlayaraq, hökumət əleyhinə siyasi prosesdə bilavasitə iştirak edirdi. Həmin dövrdə baş verən qiyamın əsas dəstəkçilərindən biri də yüksək dövlət vəzifəsi tutmasına baxmayaraq, Rəsul Quliyev idi".

Müsavat funksioneri qeyd edib ki, dövlət rəhbərliyinin iradəsinə gəldikdə isə Rəsul Quliyevin özü həmin dövrdə kifayət qədər yüksək vəzifə tuturdu: "O, faktiki olaraq, hərbi qiyama qarşı mübarizə aparmağa borclu olan adamlardan biri idi. Amma əksinə, o, həmin dövrdə qiyamçılar tərəfindən hökümətə qarşı əlindən gələni etdi. Siyasi müxalifətin hərbi müxalifətlə birləşməsində mühüm rol oynadı. Həmin dövrdə mən bütünlüklə hökümətin atdığı addımlara görə cavab verə bilmərəm. Ancaq bilavasitə mənim vəzifə borcum olmamasına baxmayaraq, qiyamın bütün ölkəyə yayılmasının qarşını almaq, Gəncə şəhəri çərçivəsində lokallaşdırmaq məqsədilə bir sıra tədbirlərə rəhbərlik etmişəm. Həmin vaxt bir necə gün Surət Hüseynovun qiyamçı dəstələri Gəncədən kənara çıxa bilməyiblər. Çünki mənim rəhbərliyim altında Azərbaycan hökumətinə sadiq qüvvələr Gəncə yaxınlığında Zazalı kəndində müdafiə istehkamı yaratmışdılar. Yalnız mənə yuxarıdan bu postu Dəlimmədli kəndi istiqamətinə çəkmək əmri verildikdən sonra müdafiə hissələri geri çəkildi. Bir daha qeyd etmək istəyirəm ki, qiyamçıların qarşısına çıxmaq konkret olaraq mənim vəzifə borcum deyildi. Bu işləri görməli olan adamların bir çoxu nəinki öz vəzifə borclarını yerinə yetirmir, əksinə qiyamçılarla əlaqə quraraq öz gələcək karyeralarının təminatı barədə düşünürdülər. Sonrakı mərhələlərdə qiyamçı dəstələrin əvvəlcə Şamaxıya tərəf irəliləməsinin qarşısının alınması üçün hakimiyyətə sadiq silahlı birləşmələri səfərbər etməyə çalışmışam. İyun ayının sonu və iyulun əvvəllərində Surət Hüseynovun şimal-qərb regionunda müəyyən separatçı qüvvələrin hərəkətə gətirilməsi üçün atdığı addımların qarşısının alınması haqqında bir millət vəkili olaraq, öz üzərimə düşən vəzifələri yerinə yetirmişəm. Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başlayandan sonra iyunun 24-də özünün bir nömrəli fərmanı ilə məni Dövlət Müşaviri vəzifəsindən azad etdi. Bununla da qiyamçılara qarşı müqavimət aparmaq imkanından məhrum oldum. Bundan sonra da Azərbaycan vətəndaşı, millət vəkili və Müsavat Partiyasının Divan üzvü olaraq, üzərimə düşən vəzifələri yerinə yetirmişəm, qiyamın qələbə çalmasına müqavimət göstərmişəm. İndi də bu qiyamın nəticələrinin aradan qaldırılması uğrunda çalışıram".

A.Hacılı sabiq parlament sədrini xəyanətkar da adlandırıb: "Ancaq bütün bu sözləri Elçibəy hökümətində kifayyət qədər yüksək mövqe tutmuş Rəsul Quliyev haqqında demək olmaz. Çünki, o, həlledici məqamda təmsil olunduğu hakimiyətə xəyanət edərək, hakimiyyəti devirmək əzmində olan qüvvələrin tərəfinə keçdi. Rəsul Quliyev əvvəlcə Əbülfəz Elçibəyi, sonra isə Heydər Əliyevi satdı".

Bahar Rüstəmli
AzNews.az