Dini komitədən nurçularla bağlı açıqlama

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Nurçuluq" dini təriqətinin "sunqurçular" cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsilməsi məsələsinə münasibət bildirib.

Komitənin mətbuat xidmətindən anspress-in sorğusuna cavab olaraq bildiriblər ki, X.Mustafayev küçəsində "nurçu" təriqətinin "Mustafa Sungur camaatı" və ya "klassik" kimi tanınan cərəyanın nümayəndələrinin birgə toplaşdığı ünvanda dini fəaliyyətlə məşğul olmaq üçün Komitəyə heç bir müraciət daxil olmayıb.

Komitədən bildiriblər ki, sözügedən ünvanda əməliyyat zamanı götürülmüş dini ədəbiyyat Dövlət Komitəsində müvafiq dinşünaslıq ekspertizasından keçiriləcək qanunauyğunluğu barədə rəy bildiriləcək: "Eyni zamanda bildiririk ki, Dini Etiqad Azadlığı Haqqında Qanuna əsasən dini təyinatlı ədəbiyyat, əşyalar və dini məzmunlu başqa məlumat və materialların istehsal, idxalı, habelə yayılması yalnız Dövlət Komitəsinin müvafiq ekspertiza şöbəsinin rəyindən sonra həyata keçirilə bilər".

Qeyd edək ki, "Nurçuluq" dini təriqətinin "sunqurçular" cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən bildiriblər ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində "Nurçuluq" dini təriqətinin "sunqurçular" cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb.

Yasamal Rayon Polis İdarəsinin nurçulara qarşı keçirdiyi əməliyyat zamanı saxlanılanlardan iki nəfər barəsində həbs qərarı çıxarılıb.

AzNews.az