“Sadəcə dəhşətə gəlirəm...” – Bəxtiyar Hacıyevdən cavab

"Mənəviyyatsız adamlardırlar, onlarla bundan sonra tərəf olmaq istəmirəm".
Bu açıqlamanı AzNews.az-a Müsbət Dəyişikliklər Hərəkatının təsisçisi Bəxtiyar Hacıyev ona qarşı irəli sürülən iddialara cavab verərkən deyib.

B. Hacıyev Nurettin Eresin həyat yoldaşının ona qarşı ittihamlarını şər və böhtan adlandırıb. B. Hacıyev bununla bağlı "Facebook" səhifəsində də status yazıb: "Bu ölkədə necə həyasız, abırsız insanlar varmış, ilahi? Bədənini pula satanların da bir abır, həyası, bir qırmızı xəttləri olur. Amma bəzən elə adamlar qarşına çıxır ki, sadəcə dəhşətə gəlirsən ki, insan bu qədərmi həyasız olarmış?".

Xatırladaq ki, gənc fəal, Müsbət Dəyişikliklər Hərəkatının təsisçisi Bəxtiyar Hacıyevə qarşı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılması ilə bağlı məlumat vermişdik. Hacıyev bildirmişdi ki, barəsində cinayət işi açılmasına səbəb türk iş adamı Nurettin Eres və onun aktrisa həyat yoldaşı Mətanət Əhmədovanın sözügedən polis idarəsinə etdiyi müraciətdir. O, müraciətin heç bir əsasının olmamasını qeyd etmişdi.

AzNews.az saytı iş adamının həyat yoldaşı, tanınmış azərbaycanlı aktrisa Mətanət Əhmədova ilə əlaqə saxlayıb. Aktrisa bildirib ki, ötən ilin avqust ayında notarial qaydada Bəxtiyar Hacıyevdən 30 min manat borc pul götürüb. Amma avqustdan aprelin 9-a kimi Nurettin Ereslə Bəxtiyar Hacıyev arasında olan söhbətlərdən xəbərsiz olub: "Bu, onların öz işləri olduğuna görə qarışmamışam. Aprelin 9-da Bəxtiyar yoldaşıma zəng vurub ki, gəl söhbət edək. Özü də dostuyla gəlib. Ordan yoldaşımı götürüb aparıblar Sumqayıt qəbristanlığına. Sumqayıtda isə Bəxtiyar həbsxana yoldaşlarını çağırıb. Yoldaşımın əllərini bağlayıblar, bədəninin müxtəlif nayihələrinə xəsarət yetiriblər. Bu barədə ekspertizanın rəyi də var".
M.Əhmədovanın dediyinə görə, yalnız Bəxtiyar Hacıyevin dostlarından birinin təkidindən sonra Nutettin Eresin əllərini açıblar. Bu hadisədən əvvəl isə B.Hacıyev aktrisaya zəng vurub. M.Əhmədova onunla danışmaq istəməsə də, Hacıyev Əhmədovanın iş yoldaşı vasitəsilə onu hədələyib, N.Eresin başını kəsəcəyini deyib. Aktrisanın sözlərinə görə, B.Hacıyev ondan ərindən boşanmasını tələb edir.

Nigar
AzNews.az