Prezidentliyə namizədlə bağlı araşdırma başladıldı

Ukrayna Baş Prokurorluğu Ali Radanın deputatı, prezidentliyə namizəd Oleq Çarev barəsində araşdırma başlayıb.

AzNews.az-ın məlumatına görə, bununla bağlı Baş Prokurorluqdan bildirilib ki, O. Çarev seçicilərlə görüşündə və mediaya açıqlamasında Ukraynanın ərazi bütövlüyünə, dövlət müstəqilliyinə xələl gətirə biləcək təkliflə çıxış edib. Prezidentliyə namizəd çıxışlarında bildirib ki, ölkə başçısı seçiləcəyi təqdirdə Ukraynanın federativ respublika olacağı istiqamətində addımlar atacaq.

Prokurorluq isə qanunvericiliklə əsaslandırıb ki, bu fikirlər hazırki məqamda separatçılığa təkan verir və O. Çarevin qanunazidd hərəkəti sübuta yetirildiyi təqdirdə onu cinayət məsuliyyəti gözləyir: "Əgər onun cinayəti sübuta yetirilsə Ali Radaya Oleq Çarevin deputat mandatına xitam verilməsi, həmçinin Mərkəzi Seçki Komissiyasına prezidentliyə namizədliyinin ləğv edilməsinə dair müraciət ünvanlanacaq".

AzNews.az