Başqan müavinindən Əli Kərimlinin məsləhətinə REAKSİYA

"Ukraynanın hazırkı hakimiyyətində təmsil olunanlar kifayət qədər təcrübəli siyasətçilərdir. Onları təcrübəsiz adlandırmaq gülüncdür". Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı AXCP sədri Əli Kərimli və sədr müavini Nurəddin Məmmədlinin Ukrayna mövzusu ilə bağlı fikirləri ətrafında yaranan qalmaqala münasibət bildirərkən deyib.

Xatırladaq ki, AXCP sədri Əli Kərimli Ukrayna hakimiyyətinin qətiyyətsizlik nümayiş etdirdiyini bildirib, onları Rusiya təhlükəsinə qarşı birliyə və qətiyyət göstərməyə çağırıb. AXCP sədrinin müavini Nurəddin Məmmədli isə qeyd edib ki, Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı.

A. Hacılı isə hesab edir ki, hazırda Ukraynada baş verənlər təkcə Ukraynaya deyil, bəşəriyyətə aid olan proseslərdir. Onun sözlərinə görə, Ukrayna siyasəti barədə məlumatlı olmadan, Azərbaycanda oturub bu ölkənin atdığı addımları şərh etmək düzgün deyil: "Ukraynanın bacarığı da ondan ibarətdir ki, ərazilərini işğal etmək iddiasında olan Rusiyaya qarşı dünyanın bütün güc mərkəzlərini səfərbər etməyə nail olub. Eyni zamanda biz Ukraynada gedən proseslər haqqında ətraflı məlumata da malik deyilik və Ukraynanın siyasətini də bilmirik. Buna görə də Azərbaycanda oturaraq, Ukrayna hakimiyyətinin atdığı addımları şərh etməyimiz yanlışdır".

AzNews.az