"Nəinki barışmaq, ünsiyyət qurmaq belə istəmirəm" "Nəinki barışmaq, ünsiyyət qurmaq belə istəmirəm"

Qəzada yaxınlarını itirən xalq artisti: “Mübariz Mədətov qəbiristanlığa gəlmişdi“

"Nəinki barışmaq, ünsiyyət qurmaq belə istəmirəm"



"Özüm indi yaxşıyam, ağrılarım keçib. Gəlinimin də sarğılarını açdılar. Lakin üzündə şıram qalıb. Həkimlər hələ gözləmək lazım olduğunu bildirdilər. Bir müddət sonra ola bilsin ki, onu lazerlə düzəldə bilərlər".

Bunu Modern.az saytına açıqlamasında ailəsi ilə birgə avtomobil qəzasına düşən xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayev bildirib: "Hüzrlə bağlı gəlib-gedənimiz çox olur. İnanın, qəzadan indiyə qədər evdən bayıra çıxmıram. Hər gün qəbrüstünə gedirik. Bu cümə axşamı günahkarın atası Mübariz Mədətov qəbiristanlığa gəlmişdi. Onsuz da bunun mənim üçün əhəmiyyəti yoxdur. Onunla heç ünsiyyətdə də olmadım. Onlarla bağlı məni heç nə maraqlandırmır".

Qeyd edək ki, martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şossesində baş vermiş qəzada tarzən Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüb.

Qəzanın səbəbkarı isə "Mercedes-Benz G-55" avtomobilinin sürücüsü, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdur.

Oğlu bu hadisəni törətdikdən sonra Mübariz Mədətov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini vəzifəsindən azad edildi. Onun təqsirkar oğlu Xalid Mədətov isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açıldı.

Onun Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir. Bəzi məlumatlara görə, Mübariz Mədətov oğlunun işi yüngülləşsin deyə, xalq artisti Ağasəlim Abdullayevlə barışmaq üçün yollar axtarır. Zərəçəkmiş tarzən isə nəinki barışmaq, qarşı tərəflə ünsiyyət qurmaq belə istəmədiyini vurğulayıb.

AzNews.az