İlham Mirzəyevlə bağlı iki generala müraciət hazırlanır

Teleaparıcı İlham Mirzəyevin həbs olunması ilə bağlı iki generala-daxili işlər naziri Ramil Usubova və fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət hazırlanır.

Bunu AzNews.az-a İlham Mirzəyevin mətbuat katibi Ceyran Əsgərova deyib. O, bildirib ki, müğənnilər İlham Mirzəyevin bu ittihamla həbs olunmasını mümkünsüz sayır: "Tanınmış müğənnilər daxili işlər naziri Ramil Usubova müraciət etmək istəyir. Onların kimliyini söyləyə bilməyəcəm. Amma dəqiq adlar var. Müğənnilər demək istəyir ki, İlham Mirzəyev dələduzluqda ittiham oluna bilməz. Onun ancaq hər kəsə yaxşılığı dəyib. Bu məqsədlə məktub ünvanlamaq istəyir ki, İlham Mirzəyev azadlığa buraxılsın. Qaldı ki, onun ailəsinin fövqaladə hallar naziri Kamaləddin Heydərova müraciət etməsinə, bu doğrudur. Hər kəsə məlumdur ki, İlham Mirzəyevin adı dələduzluqda hallanmayıb. Əgər fala baxmaq dələduzluq sayılırsa, Azərbaycanda bu qədər fala baxanlarımız var, bəs onda onlar niyə həbs olunmur? Niyə məhz İlham Mirzəyev? Ailəsi istəyir ki, İlham Mirzəyevin günahsız olması sübüta yetirilsin".

Xatırladaq ki, İ.Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır, barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. İ.Mirzəyev vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq saxlanılıb.

Bahar Rüstəmli
AzNews.az