Nərimanov Rayon İcra Hakimiyyətində toplantı- FOTO

"Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2014-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr"ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.

İH-dən daxil olan xəbərə görə, rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hesabat məruzəsi ilə çıxış edərək cari il aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib. A.Fərzəliyev hesabat məruzəsində tədbir iştirakçılarının diqqətini rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2014-cü ilin birinci rübündə görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini nəzərə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ilin birinci rübündə, cari il yanvarın 7-də respublikanın ən iri səhiyyə müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin təntənəli açılışında iştirak edib, 7 mart 2013-cü il tarixdə isə Nərimanov rayonunda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişatı ilə tanış olub.

Birinci rübün yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlərdə daxil olmaqla 587,8 milyon manatlıq məhsul istehsal olunmuş, istehlakçılara 556,4 milyon manatlıq sənaye məhsulu göndərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 85,2 faiz təşkil edib.

Ötən dövr ərzində sənaye kompleksində işləyənlərin sayı 927 nəfər artaraq 10684 nəfər təşkil edib, onların orta nominal əmək haqqı 6,6 faiz artaraq 483,9 manata çatıb. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 684 daimi iş yerləri yaradılıb.

Rüb ərzində bütün mənbələr hesabına əsas kapitala 201,9 milyon manatlıq investisiya qoyulub ki, keçən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə artım əldə edilib.

Eyni zamanda, nəzərə çatdırılıb ki, rayonda təhsilin inkişafı məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlər həyata keçirilir. Belə ki, 22 məktəbdən 9730 şagird yerlik 11 məktəb əsaslı təmir olunub, 3 məktəb üçün 1940 yerlik əlavə tədris korpusu inşa edilərək şagirdlərin istifadəsinə verilib. Hazırda 47 nömrəli məktəbdə əsaslı təmir işləri və 207 nömrəli məktəbin əlavə tədris korpusunun inşası davam etdirilir.

İclasa rayonun rəhbərliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

Yekunda Abdin Fərzəliyev vurğulayıb ki, Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətində rüb ərzində çox böyük işlər görülmüş və bu işlər gələcəkdə də uğurla davam etdiriləcək.

AzNews.az