AYB: “Satılan mənzillərin pulu bölüşdürülüb”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlərinə ayrılan 9 mənzildən 6-sı satılıb. Bu barədə AzNews.az-a məlumatı AYB-də ev bölgüsü ilə bağlı yaradılmış Komissiyanın sədri Rauf Aslanov deyib. Onun sözlərinə görə, AYB-yə üzv olan yazıçılar üçün nəzərdə tutulan mənzillərin qalan hissəsinin də satılması istqamətində işlər aparılır: "Yerdə qalan 3 mənzillə bağlı alış-veriş müzakirələri gedir. Artıq satılan mənzillərin pulu sahiblər arasında bölüşdürülüb". R. Aslanov onu da bildirdi ki, həmin 3 mənzildə satılandan sonra mənzil siyahısında olan 34 yazıçının evlə təminatındakı problem aradan qaldırılacaq.

Qeyd edək ki, bu mənzillər AYB-yə "Abidə" MTK şirkəti tərəfindən verilib. Yazıçılara verilən 9 mənzilin hər biri 105 kvadrat metr olmaqla iki otaqdan ibarətdir. AYB isə bu mənzilləri 36 yazıçı arasında bölüşdürmək qərarına gəlib. Bu səbəbdən də mənzillər satışa çıxarılıb.

Bahar Rüstəmli
AzNews.az