Avropa Rusiya ilə sərhədini gücləndirir

NATO Avropanın şərqindəki müttəfiqlərinin müdafiə imkanlarının artırılması məqsədilə Baltik dənizinə hərbi gəmilərini göndərib. AzNews.az-ın xəbərinə görə, bu barədə NATO-nun rəsmi açıqlamasında bildirilib. Ümumilikdə Baltik dənizinə 4 döyüş, 1 təminat gəmisi göndəriləcək. Gəmilərin şəxsi heyəti Norveç, Niderland, Belçika və Estoniyadan olan hərbçilərdən ibarətdir. Bundan başqa Kanada Polşaya CF-18 tipli 6 qırıcı təyyarə və 20 qərargah zabiti göndərməyi planlaşdırır. Kanadanın baş naziri Stiven Xarper bildirib ki, bütün bunlar Rusiyadan gözlənilən təhlükədən sığortalanmaq məqsədilə edilir.

Xatırladaq ki, NATO Ukraynadakı hadisələrdən sonra quruma daxil ölkələr, əsasən də şərqi Avropadakı müttəfiqlərinin təhlükəsizliyinin artırılması ilə bağlı tədbirlər planı hazırlayıb.

AzNews.az