Milli Məclisin bu günkü iclası nə ilə yadda qaldı - VIDEO

Milil Məclisin bu günkü iclasının gündəliyi yenə də sıx idi. Deputatlar həm Hesablama Palatasının hesabatını müzakirə etməli, həm də gündəlikdə duran 7 qanun layihəsinə düzəlişlərə baxmalıydılar. Əlbəttə ki, cari məsələlər də öz yerində. İqbal Ağazadənin məhkəmə sisteminin yarıtmaz fəaliyyətinə yönələn çıxışı da məhz cari məsələlər fonunda səsləndi.

Parlamentdə Siyavuş Novruzovun kokteyllə kotleti qarışdırması ancaq jurnalistlərin dodağını qaçırtdı. Çünki bu çıxış zamanı deputatların əksəriyyəti deyəsən elə kotlet dalınca qaçmışdılar. Parlamentin yeməkxanasından gələn qoxu ən azı məndə bu təəssüratı yaratdı. Zalda olanların başı isə söhbətə qarışmışdı. Ona görə də, yenə səsvermə zamanı yetərsayı yetərli etmək üçün yetərincə cəhdlər oldu. Türklər demişkən, ən çox çaba göstərən də Milil Məclisin operatoru Akif idi. Onun fədakarlığı sayəsində gör neçə deputat kotleti arın-arxayınlıqla həzmi rabedən keçirdi.

Akifin öz işindən məmnun qaldığı göz qabağındaydı. Elə parlamentin fəailyyəti də. Ona görə də daha başınızı ağrıtmaq istəmirəm. Amma ürəyimdən keçən bir təklifi mütləq səsləndirmək istəyirəm. Milli Məclisdə boş qalan üç deputat yerindən birinə Akif namizədliyini versin. Ondan əla deputat çıxar. Ən azı başqalarından fərqli olaraq yerində oturub düyməni basa bilər. (ANS)