Nazirlik ölən və yaralananların sayını açıqladı

Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin birinci rübündə fövqəladə hallar nəticəsində ölən və xəsarət alanların sayını açıqlayıb.

FHN-nın saytında bildirilir ki, 2014-cü ilin I rübü ərzində respublika ərazisində 2129 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 624 hadisə və ya 41% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 23 nəfər həlak olub, 55 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib.

2014-cü ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 2064 çıxış edilmişdir. Onlardan: çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar - 596 çıxış; açıq sahələrdə yanğınlar -1000 çıxış; nəqliyyat vasitələrində yanğınlar -74 çıxış; digər yanğınlar - 394 çıxış təşkil edib. Məlumatda qeyd olunur ki, yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 28 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 5 nəfər və ya 24% az, xəsarət alanların sayı isə 5 nəfər və ya 22% çoxdur.

AzNews.az