“İnternet televiziyalar kabellə yayımlanmayacaq” - Rəsmi

"İnternet televiziyaları hazırda nəzarət olunmayan fəaliyyət sahəsidir. Qanunvericilkdə hər hansı qurum internet televiziyalarının fəaliyyətini tənzimləmir. Ona görə də, Milli Televiziya və Radio Şurası da buna uyğun hər hansısa bir addım atmır".

Bunu AzNews.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, Avropa və dünyanın digər ölkələrində də internet televiziyaların fəaliyyətini hansısa şəkildə tənzimləyən mövcud qanunvericilik bazası yoxdur. Əgər belə bir şey olarsa Azərbaycan da bundan istifadə edəcək: "Ola bilər ki, gələcəkdə də Azərbaycanda internet televiziyaların qanunvericilik bazası müəyyənləşdirilsin".

MTRŞ sədri deyib ki, internet televiziyaların fəaliyyətini izləyir: "Hazırda ölkədə bu sahədə çoxlu boşluqlar mövcuddur. Qanunvericilikdə bu sahə tənzimlənmədiyinə görə, kim necə istəyir virtual məkanda o cür də fəaliyyət göstərir. Hesab edirəm ki, bu sahənin hansısa formada qeyri-hökumət, ictimai təşkilatlar və yaxud dövlət tərəfindən tənzimlənməsinə ehtiyac var".

"İnternet televiziyalarının kabel yayımına birləşdirilməsi mümkündürmü?"sualına isə N. Məhərrəmli cavabı belə olub: "Bu mümkünsüzdür. Çünki bunlar internet televiziyalardır. Bu baş verərsə, onların fəaliyyət dairələri genişlənəcək. Bundan sonra onları necə internet televiziyası adlandırmaq olar?".

Amid Əyyuboğlu
AzNews.az