Vitse-spiker: “ATƏT münaqişələrin meydana gəlməsinə rəvac verir”

"Ötən ilin sonları və bu ilin əvvəllərində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda nikbinlik var idi. Bu yöndə hansısa proqnozlar verilirdi. Amma indi vəziyyət elə bir həddə çatıb ki, bu nikbin proqnozların reallığa çevrilə biləcəyi haqqında obyektiv fikir söyləmək mümkün deyil".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, cəbhə xəttində baş verən hadisələr, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı durumu, müsbət proqnozlardan xəbər vermir: "Hazırkı durum, regionda baş verənlər Dağlıq Qarabağ probleminə beynəlxalq aləmin daha çox diqqət yetirməsinə stimul yaratmalıdır. Bu mənada beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ və digər həlli uzadılmış münaqişələrin çözülməsi üçün ciddi addımlar atmalıdır".

B. Muradova Dağlıq Qarabağ münaqişəsində ATƏT-in Minsk qrupunun hazırkı fəaliyyətinə də münasibət bildirib: "ATƏT-in Minsk qrupu ona ayrılmış mandat çərçivəsində fəaliyyət göstərir və bu bizim tərəfimizdən təqdir olunur. Tənqidi məqamlara da hər zaman münasibətimizi bildirmişik. Əsas tənqid obyekti Dağlıq Qarabağ münaqişəsinin həlinin uzanması, bunun da nəticəsində ATƏT-in regionda buna bənzər başqa münaqişələrin meydana gəlməsinə rəvac verməsidir. Biz əlbəttə ki, bu məsələlərə son qoyulması istiqamətində səylərin artırılmasının hər zaman vacibliyini vurğulamışıq".

Amid Əyyuboğlu
AzNews.az