Mübariz Tağıyev: “Ciddi şəkildə nəzarət etməlidirlər”

Son günlər telekanallarda bədii şuraların yaradılması məsələsi yenidən gündəmə gəlib. Hətta Mili Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də bu barədə bir neçə dəfə çıxış edərək, sözügedən qurumların yaradılmasının vacib olduğunu bildirib.

AzNews.az saytı məsələ ilə bağlı xalq artisti Mübariz Tağıyevin fikirlərini öyrənib. "Hər teleşirkətdə redaktorlar var. Onlar bu məsələlərə ciddi şəkildə nəzarət etməlidirlər"- deyən Tağıyev sovet dövrünü xatırladaraq bildirib ki, hətta o dövrdə də əsərlər bədii şuraya təqdim olunarkən şəxsi münasibətlər rol oynayıb: "O vaxt Dövlət Televiziyasında bədii şura var idi. Mənə elə gəlir ki, hər televiziyanın, hər radionun özünün bədii şurası olmalıdır. Ən başlıcası bədii şuralarda olan insanlar peşəkar olmalıdır. Sovet dövründə bədii şurada Tofiq Quliyev, Anar kimi peşəkarlar olurdu. Mahı - not və şeir formasında bədii şuraya verilirdi. Əgər bədii şura razılıq versəydi, mahnını yazmaq və efirə vermək olardı. Bu da çox çətin və uzun proses idi. Amma etiraf etmək lazımdır ki, bəzən "mənim ölüm", "sən öl" kimi məsələlər də mahnıların şuradan keçməyində rol oynayırdı. Ümumiyyətlə, belə şeylər həmişə olub və olacaq da. Amma teleşirkətlər özlərinə hörmət edib, belə bir şura yaratsalar, çox yaxşı olardı".

Qeyd edək ki, sovet dövründə bədii şuradan keçən hər mahnıya görə 200 manat qonorar ayrılırdı və bu məbləğ bəstəkarla şair arasında bölünürdü.

İntiqam Valehoğlu
AzNews.az